Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb olur, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu baxımdan dünya dövlətlərinin əksəriyyətinin gündəliyində duran əsas məsələlərdən biri narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir.
Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin narkomaniyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək üçün təsdiqlədiyi Dövlət proqramları bu sahədə mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)”, eyni zamanda, bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərildi və əldə olunan nəticələr növbəti sənədin qəbulunu zərurətə çevirdi. Belə ki, dövlət başçısı İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiqlənən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı»nda qeyd edilir ki, aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. İlk qəbuldan insanı özünə alışdıra bilən bu maddələr xüsusilə təhlükəlidirlər. Bu silsiləyə daxil olan maddələr içərisində flakka ən təhlükəlisi hesab olunur. Rusiyada istehsal olunduğu deyilən süni narkotik vasitənin ən geniş yayıldığı ölkələr ABŞ və Braziliyadır. Bonzai adlı sintetik maddə Çində istehsal olunur. Beyinə zərər vuran, davranışı korlayan bu maddənin istifadəçiləri cəmiyyətdə insanlara qarşı şiddət göstərməyə meyilli olurlar. Alfa-mentil-fentanil (AMF) adlı sintetik maddə morfindən 100 dəfə, trimatilfentanil (TMF) morfindən 5,5-6 min dəfə, heroindən isə 1000 dəfə təsirlidir. Qismən uzun sürən və beyinə dərhal böyük hissələrdə daxil olmayan, lakin onu yavaş-yavaş məhv edən opiat qrupuna aid olan narkotiklərdən (morfin, kodein və s.) fərqli olaraq fentanil və onun analoqları (AMF, TMF, meperedin) sərbəst şəkildə sürətlə beyinə daxil olaraq onu və digər sistemləri (immun sistemləri də daxil olmaqla) də məhv edərək orqanizmin fəaliyyətinin qısa müddətdə dayanmasına, yəni ölümə səbəb olur.
Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vuraraq orqanizmin ümumi intoksikasiyasına, yəni ümumi zəhərlənməsinə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Dünyada 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir, onların da 3 milyonunda QİÇS xəstəliyi vardır. Azərbaycanda da rəsmi statistikaya görə son beş ildə narkomanların sayı 10 dəfəyədək artmışdır. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 30 min nəfərə yaxındır.
Ölkəmiz də bu istiqamətdə gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində müvafiq təşkilati-hüquqi, institusional və zəruri əməli praktiki tədbirlər həyata keçirmişdir.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsini təmin edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində müsbət nəticələr əldə edilmişdir.
Narkomaniyaya qarşı mübarizə qlobal xarakter daşımaqla nüfuzlu beynəlxalq təşkilatların da əsas fəaliyyət prioritetidir. Buna görə də BMT-nin qərarı ilə hər il 26 iyun tarixi «Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü» elan edilmişdir.
Narkomaniya «ağ ölüm»dür, həyatdan qopmaqdır. «Narkomaniya» və «ölüm» sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkotik maddə alverçiləri yeniyetmələrin çox olduğu yerlərdə peyda olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə gəncləri ölümə aparan bu pis vərdişə alışdırırlar.
Bu gün də narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir. Eyni zamanda, narkotik tranzitinin qarşısının uğurla alınması da çox mühüm mübarizə vasitəsidir.
Eləcə də, Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2023-cü ildə 1 məcəlləyə və 4 qanuna dəyişiklik edilmişdir.
Bu baxımdan deyə bilərik ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Dövlət başçısı İlham Əliyevin cari ilin fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda söylədiyi “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik” fikirləri Azərbaycan gəncliyinə böyük inamın, etimadın təsdiqidir.
Natiq İbrahimov,
Xocalı rayon prokurorlugunun müstəntiqi, III dərəcəli hüquqşünas