Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, Tarix elmləri üzrə fəlsəfə doktoru, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri İradə Əlili vətənpərvər, xeyirxah insandır. İradə Əlili xocalıların qayğısına qalmağı, onların dərdlərinə şərik olmağı özünə həmişə mənəvi borc bilib. O, "Xocalı: Şahidlər danışır" kitabını ərsəyə gətirən zaman əsirlikdə olmuş sakinlərimizin, soyqırımı şahidlərinin ifadələrini ürək ağrısı ilə qələmə almışdır. Ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edən kitab niderland və fin dillərinə tərcümə olunmuşdur.
İradə xanım demək olar ki, bütün müqəddəs bayramlarda xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə olur. İctimai fəal bu nəcib ənənəni Ramazan bayramı ərəfəsində də davam etdirərək şəhid ailələri və aztəminatlı ailələrlə görüşlər keçirib. Belə görüşlərdən biri də Antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalmış tankçı Məmmədov Samir Aqil oğlunun ailəsində olub. Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə cəsur tankçı kimi yaşayacağı vurğulanıb.
Qeyd edək ki, Antiterror tədbirlərində Samir Məmmədovun döyüş yolu Ağdərə döyüşləri ilə başlayıb. İgid tankçımız verilən tapşırıqları məharətlə yerinə yetirərək terrorçulara sarsıdıcı zərbələr endirib. Pusquda dayanan mənfur düşmənin atdığı tank əleyhinə raketlə Samirin döyüş apardığı tank partladılaraq yandırılıb. Şəhid Samir Məmmədov izdihamla Vətən müharibəsində şəhid olan bibisi nəvəsi Miriyev Sənan Arif oğlunun torpağa tapşırıldığı Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.
Ruhu şad olsun!