Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
KÜLÜNDƏN DOĞULAN İSTEDAD - GURSEL ABBAS

0

  • Elə insanlar var ki, onlara baxanda həmişə fərəhlənir, ruhlanır, qürur duyuram. Elə bilirəm onun uğuru mənim uğurumdur. Həm onun, həm də yurdumuzun adına sevinirəm. Bu gün Xocavənd İH-nin FB səhifəsində paylaşdığı “Belə-belə işlər” Yotube kanalında öz həyat hekayətini danışan gənc həmyerlimiz kimya mühəndisi Gursel Abbasın da uğurlarına bax, belə sevindim.
    Söhbət ABŞ-nın 6 universitetindən 2 milyon dollar dəyərində təqaüd qazanan, bakalavr dərəcəsindən birbaşa doktoranturaya qəbul olan, bir çox elmi tədqiqatların iştirakçısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran gənc Gursel Abbasdan gedir.
    O, İspaniyada təhsil alarkən laboratoriyada təcrübə aparan zaman bədəninin 67 faizi yansa da, möcüzəli şəkildə sağ qalır və elmi fəaliyyətinə davam edir. İndi onun məqsədi Kimya sahəsində Nobel mükafatı qazanmaqdır.

    4 yaşında qəzet oxuyurmuş

    Gursel Abbas 1999-cu il iyulun 7-də Bakıda anadan olub. Onun atası Xocavənddən, anası isə Füzulidəndir. Atası 40 illik təcrübəsi olan tarix müəllimidir. Üç bacısı var. Biri ərəb dilindən tərcüməçidir, digəri fransız dili üzrə təhsil alır, o biri bacısı isə ali məktəbə imtahan verib. Gursel deyir ki, elmə, biliyə onda uşaqlıqdan maraq yaranıb. Uşaqlar şeir öyrənəndə o planetlər, dünyayla bağlı məlumatlar öyrənirmiş. Dörd yaşından oxumağa başlayıb. Hələ o yaş qəzet də oxuyurmuş. Beş yaşında kiril əlifbasını öyrənib. Uşaq vaxtı “kosmonavt olacam”, - deyirmiş. Amma səkkizinci sinifdə kimya, laboratoriya ilə tanşlıqdan sonra kimyaçı olmaq qərarına gəlib.

    İspaniyanın Xaen Universitetindən ispan dilində “kimya sənayesi mühəndisliyi” ixtisasını oxumaq üçün təqaüd qazanıb. Deyir ki, bu təhsil ocağında oxuyarkən ilk aylar ona çətin olub. Çünki ispan dilini bilmrdim. Otaq yoldaşları da ingilis dilini bimədiyindən Gursel ispan dilini tez bir zamanda öyrənməyə məcbur olub. İlk semestrdə yaxşı oxuyub. Ancaq 2-ci semestrdə laboratoriyada baş verən qəzada bədəninin 67 faizi yanıb. O, 3-cü dərəcəli yanıqla 2018-ci ildə düz 21 gün komada qalıb. Həmin vaxt üzərində 3 əməliyyat keçirilib. 4-5 ayda 16 dəfə əməliyyat olunub. Gursel bir möcüzə ilə sağalıb və indi də, ispan həkimlərinə təşəkkür etməyi unutmur...
    Qardaş, sənə nə olub?

    Gursel deyir ki, bu yanıqlardan sonra insanda psixoloji vəziyyət yaranır. Ən çox da bunu Azərbaycana dönəndə daha çox hiss elədiyini söyləyir. Məhlələrində, avtobusda ona maraqla baxan çox insanlara rast gəlir. Hətta avtobusda gəlib yanında oturub soruşurlar ki, qardaş, sənə nə olub? Bəzən elə vəziyyətlə üzləşib ki, hətta ağlamaq dərəcəsinə çatıb. Həmin çətin vaxtlarda məzunu olduğu liseyin kollektivi ona dəstək olub. Gursel intellektual oyunlara qatılıb, komandanın kapitanı olub və uğurlar qazanıb. Bundan sonra o, özündə nisbətən rahatlıq tapdığını hiss edib. Düşünüb ki, ən kritik nöqtə mənfi düşüncələrdən uzaqlaşmaqdı. Özünü cəmiyyətə sübut eləməkdi, mən varam, beləyəm, məni bu cür qəbul etmyə məcbursunuz. O vaxt atsının dediyi sözləri bu gün də unutmayıb. Atam deyirdi ki, elə et ki, insanlar sənin görünüşünə yox, zəkana dəyər versinlər....

    Hacettepe Universitetində

    Gursel bundan sonra Ankaradakı Hacettepe Universiteni seçib. Burada 3 dəfə Erasmus proqramının qalibi olub və bununla da Universitetin tarixində 5 tələbədən birinə çevrilib. Deyir ki, bu proqram sayəsində 2 semestri fərqli universitetlərdə tam təqaüdlə oxuyub. Bir yayda isə Polşada Elmi Tədqiqat qrupunda 2 ay çalışıb və bu ölkədə elmi konfransda tədqiqatının çıxışını edib.

    Maraqlı və xoş təsadüf

    Gursel Abbas deyir ki, keçən il may ayında hava limanında təyyarəni gözləyəndə iki nəfər ona yaxınlaşıb. Məlumdur ki, bu yaxınlaşma sırf onun yanıq izləri ilə bağlıdır. O, bunu hiss edərək, bu haqda danışmaq istəmədiyini bildirib. Kişi deyib ki, mən həkiməm, Ayşəgül xanım da Minik masumlar dərnəyi fondunun rəhbəridir. Onlara başıma gələnləri danışdım, dedim Hacettepe Universitetində oxuyuram. Onlar buna çox təəccübləndilər. Dedilər ki, madam sən bu qədər elminlə, zəkanla irəliləyirsən qoy bizim də bu xeyir işdə bir qatqımız olsun. Əslində isə onlar 18 yaşına qədər olan müxtəlif ölkələrdən olan yanıq yarası alan uşaqları müalicə edirdilər...
    Beləliklə, Gursel Abbas həmin bu xeyirsevər insanların sayəsində mart, aprel və iyun aylarında 3 dəfə əməliyyat edilib. Ona bildiriblər ki, bundan sonra yenidən 2, ya da 3 dəfə əməliyyat edəcəklər. Ancaq aradan bir az vaxt keçməlidir. Onu da qeyd edək ki, həmin xeyirsevər insanlar Gurselin Ankaraya gediş və dönüş biletlərini də alıblar.
    Gursel Abbas deyir ki, 2-ci kursdan edibarən ona Çikaqoda yaşayan azərbaycanlı Türkan Məmmədov maddi dəstək olaraq onun təhsil və yaşam xərclərini qarşılayır.

    Zirvələrə doğru

    Gursel Abbas daha sonra bunları söyləyir. Deyir ki, dünyada birbaşa doktoranturaya qəbul edən ölkə ABŞ-dır. Bakalavrdan sonra bu çox çətindir. Ancaq ölkə daha çox öz məzunlarına yer verir. Bunun üçün güclü özkeçmişimiz, CV lazımdı. Bakalavr dövrünü çox sərfəli istifadə etmişəm. Hecettepedə elmi tədqiqatlar görmüşəm. Keçən il Las Veqasda, bu il isə Bostonda 6 universitetdə tam təqaüd almışam. Hərəsindən ortalama 300-350 min dollardı. Toplayanda 2 milyon dollar edir. Amerikada mən doktorantura məzunu olandan sonra əgər kimya mühəndisi kimi akademiyada qalsam 130-140 min dollar, illik maaşdan söhbət gedir, sənayeyə keçsəm bundan daha yüksək maaş olacaq...

    Savadlı insanlar Azərbacana qayıtmalıdır

    Gursel Abbas düşünür ki, savadlı insanlar Azərbacana qayıtmalı və Vətənə xidmət etməlidir. Ancaq Azərbaycanda da Amerikadakı təkliflər olsa qayıdaram, bunlar olmasa belə mən indidən universitetlərdən rəsmilərlə danışıram. Xahiş edirəm mənə şərait yaradın, gəlib seminarlar verim. Ümumi elmi tədqiqatlarla bağlı proseslər necə olur, yay aylarında məni dəvət etsinlər, gəlim unversitetlərdə müəllimlərə, tələbələrə seminarlar verim. Ancaq bu o demək deyil, mən onlardan savadlıyam...

    Qarabağ Universitetinə həmişə köməyə hazıram

    Maaşından, saatından asılı olmayaraq həmişə öz xalqımız üçün çalışmağa, ona xidmət etməyə hazıram. Qarabağ Universitetində laboratoriyalar qurulması, tədris proseslərinin hazırlanmısı, bunların hamısına köməyə hazıram.
    Gursel Abbas bildirir ki, Azərbaycanda laboratoriyalar yaxşı inkişaf etməyib. Məsələn, Viskonsin Universitetinin laboratoriyasına baxdım, bir otaqda ən azı 10-15 milyonluq aparatlar cəmləşib. Bir araşdırmaçı ağlına gələ biləcəyi hər təcrübəni burada həyata keçirə bilər. Bizdə də, Amerika sistemi qurulmalıdır. Laboratoriyalar məsələsində ən önəmli nöqtə isə birinci kursdan tələbələri laboratoriyaya cəlb etməkdir. Dərsləri laboratoriyalarla bərabər aparmaq lazmdır. Biz İspaniyada oxuyanda belə Riyaziyyat dərsinin laboratoriyası var idi. Fizika dərsi keçirdilər, ondan sonra aparırdılar, eyni dərsi, nəzəriyyəni bizə göstərirdilər. Ona görə də Türkiyə, Avropa, Amerikadan yaxşı mütəxəssislər çıxır...

    Nobel mükafatına doğru...

    Gursel Abbasın indi məqsədi odur ki, 5 il ərzində maksimum doktorantura dövründə məqalə çıxarsın, ən yaxşı məzunlardan olaraq fəlsəfə doktorlarından biri də o olsun. Post doktorantura təhsili alsın.
    Gursel Abbas sonda onu da söyləyir ki, həmişə hədəfimi yüksək tutmuşam, hansı sahədə oluramsa ən yaxşı olmağa çalışıram... Kimya sahəsində isə ən yaxşı yerə gedə biləcəyim Nobel mükafatıdır. Azərbaycan tarixində bu mükafatı alan Lev landau olub. Ondan 100 il sonra niyə mən olmayım ki?
    Əlbəttə, biz də buna çox inanırıq!
    Mina RƏŞİD
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib68 dəfə
    kÜlÜndƏn doĞulan İstedad gursel abbas

    Maraqlı gələ bilər
    22
    37
    22
    45
    48
    45