Hər bir dövləti güclü edən, birinci növbədə onun güclü iqtisadiyyata malik olmasıdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə digər məsələlər asanlıqla öz həllini tapır. Əlbəttə ki, bütün bunlar əldə olunan iqtisadi gücdən səmərəli şəkildə istifadə etdikdə daha effektiv nəticələr verir. Digər tərəfdən də iqtisadi inkişafın təmin edilməsi üçün ölkənin yerləşdiyi coğrafi məkanda yeraltı və yerüstü təbii sərvətlərin çox olması bu kimi məsələləri şərtləndirən əsas amillərdən biri və ən başlıcasıdır.
Azərbaycan yeraltı və yerüstü təbii sərvətlərin bolluğuna görə bəxti gətirən ölkələrdən biridir. Müstəqilliyin bərpasının ilk illərində müxtəlif problemlərlə üzləşən ölkəmiz, məhz zəngin təbii sərvətlərinin hesabına böhran vəziyyətlərindən çıxa bildi. Xüsusilə karbohidrogen ehtiyatlarının çoxluğu Azərbaycanın dünya ölkələri ilə Neft Kontraktları bağlaması üçün münbit şərait yaratdı. Əlbəttə, bütün bu müsbət tendensiyalar Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsində baş verdi.
Sözsüz ki, illər keçdikcə iqtisadiyyatın neftdən asılılığını azaltmaq lazım idi. Çünki karbohidrogen ehtiyatları istifadə etdikcə tükənir. Məhz bunu əldə rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri - neft sektorunun inkişafı üçün müxtəlif məqsədyönlü addımlar atmağa başladı və bu işlər hal - hazırda davam etdirilir. Artıq Azərbaycan iqtisadiyyatının neftdən asılılığı qeyri - neft sektoruna qoyulan investisiyalar sayəsində minimuma enməkdədir.
2023 - cü ilin oktyabr ayının 26 - da Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilmişdir. 230 meqavat elektrik enerjisi istehsal edən bu stansiyanın tikilməsi üçün 2021 - ci ilin aprel ayının 6 - da Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı - satqısı və ötürücü şəbəkəyə qoşulma ilə əlaqədar müqavilələr imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi mərasimi isə 2022 - ci il martın 15 - də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılış mərasimində iştirak edib . Eyni zamanda Ölkə Başçısı açılışda çıxış edib və qeyd edib ki, qısa müddətdə istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionu və MDB məkanında tikilmiş ən böyük stansiyadır. Stansiyanın tikilməsi üçün 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə qoyulmuşdur. Bundan əlavə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə Xəzər bölgəsində Külək Elektrik Stansiyasının da tikilməsi üçün müqavilə bağlamışıq. Ümumiyyətlə, biz Xəzər regionu, Naxçıvanı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişik və bu ərazilərdə Günəş, Külək, Hidro elektrik stansiyalarının şəbəkəsini genişləndirmək niyyətindəyik.
Göründüyü kimi Azərbaycan Cənubi Qafqazın, eyni zamanda MDB məkanının ən böyük enerji istehsalçısına çevrilməkdədir və həm də bu stansiyaların tikilməsi xeyli qaz sərfiyyatına qənaət edilməsinə gətirib çıxaracaqdır. Ümumilikdə bütün bu kimi işlər Azərbaycan vətəndaşının yaxşı yaşamasına xidmət edən əsas amillərdən biridir.
Günəl İsgəndərova,
Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi