1992 - ci ildən bu yana bəlkə də olmazın əzab - əziyyətlərə məruz qalmış xalqların ön cərgəsində olanlardan biri də Azərbaycan xalqıdır. Ərazisinin 30 faizi mənfur düşmən tərəfindən işğal edilmiş, bir milyon vətəndaşı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşüb qeyri - insani şəraitdə yaşamağa düçar olmuş ölkə bu kimi problemlərlə mübarizə aparmaq məcburiyyətində qalmışdır. İşğal altında qalan torpaqların qeyd - şərtsiz azad edilməsi haqqında BMT qətnamələri, Avropa şurası və digər beynəlxalq qurumların qərarları nə yazıq ki, ermənilər tərəfindən qulaq ardına vurulmuş, yerinə yetirilməmişdir.
Bütün vasitələr tükəndikdən sonra Azərbaycan işğal altında olan ərazilərini öz gücü hesabına azad etməyə məcbur olmuşdur. 2020 - ci ilin 27 sentyabrında Vətən müharibəsinə başlayan Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan azad etmiş, erməni faşistlərini kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Lakin ermənilər öz mənfur xislətlərinə sadiq qalaraq imzalanmış sənədin bir neçə müddəalarını yerinə yetirməyi uzatmaqla yenə də nəyə isə nail olmağa çalışdılar. Rusiya - Azərbaycan - Ermənistan arasında imzalanmış bəyanatın əsas müddəalarından biri də Qarabağda yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizi tərk etmələri idi. Təəssüf ki, ölkəmizin bütün cəhdlərinə baxmayaraq Ermənistan həmin hərbi birləşmələri ərazilərimizdən çıxarmadı. Azərbaycan Vətən müharibəsində olduğu kimi qısa zamanda, cəmi 23 saat ərzində, antiterror əməliyyatı keçrib məsələni həll etdi. İndi ölkəmiz Qarabağın hər yerində öz suveren hüquqlarını bərpa etmişdir.
Oktyabrın 15 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev antiterror əməliyyatı keçirilmiş ərazilərimizə səfər etmiş, Sərsəng su anbarının, Ağdərə şəhərinin, Xocalı şəhərinin, Əsgəran qalasının və Xankəndi şəhərinin üzərində Azərbaycanın Üçrəngli bayrağını qaldırmışdır. Xankəndi şəhərində bayrağımızı ucaldan Ölkə Başçısı şəhərin mərkəzindən xalqa müraciət etmişdir. Azərbaycan Prezidenti yaxın tarixə ekskurs edərək burada ermənilərə yüksək şərait yaradıldığından söhbət açmış, lakin edilən bütün yaxşılıqların müqabilində onların mütəmadi olaraq nankorluq etdiklərini vurğuladı. Ölkə başçısı qeyd etdi ki, onlar o qədər irəli getdilər ki, hətta burada, Azərbaycan ərazisində, özlərinə ikinci bir erməni dövləti yaratmaq xülyasına düşdülər.
Ölkə Başçısı qeyd etdi ki, onlar burada, Azərbaycanın vəsaiti hesabına inşa edilmiş bu binada özlərinə seçdikləri dırnaqarası "prezident" lərini oturdaraq bizə hədə - qorxu gəlirdilər, bizi təhqir edirdilər. Otuz ildə özlərinə seçdikləri başçılar deyirdilər ki, bizim tanklarımımız Bakıya gələcək, özümüz gəlib Bakıda çay içəcəyik. Onlar yanılmadılar. İndi özlərini prezident adlandıran o təlxəklərin hamısı Bakıda çay içirlər. Əlbəttə ki, təcridxanada. Onların tankları da Bakıya gəlib. İndi hamısı Qənimətlər Parkındadır. Onlar hamısı etdikləri cinayət əməllərinə görə cavab verəcəklər.
Azərbaycan Prezidentinin Xankəndi şəhərində xalqa müraciəti olduqca əlamətdar bir dövrə təsadüf edirdi. Məlumdur ki, bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən Heydər Əliyev ili elan edilmişdir. Qarabağı azad görmək Heydər Əliyevin ən böyük arzusu idi. Digər tərəfdən 15 oktyabr İlham Əliyevin Azərbayca Respublikasının Prezidenti seçilməsinin 20 ili tamam olur. Sözsüz ki, Azərbaycan xalqına bundan böyük yubiley hədiyyəsi ola bilməzdi.
Son illərə nəzər salsaq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir - birinin ardınca tarix yazmaqda davam edir. Ölkə başçısı tərəfindən yazılmış bu tarix, əlbəttə ki, Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaqdır.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Adilə Ramazanova,
Vətən müharibəsi şəhidi Əlizamin Ramazanlının anası