Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib. ŞƏT qlobal gündəmdəki aktual məsələlərin geniş spektrinin müzakirəsi və qlobal təhdidlərə, çağırışlara və risklərə effektiv cavablar tapmaq üçün mühüm platformadır.
Azərbaycanın ŞƏT kimi mötəbər qurumun zirvə görüşünə ikinci dəfə dəvət olunması Prezident İlham Əliyevin şəxsiyyətinə yüksək hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya miqyasında təsirinin, o cümlədən Şərqlə Qərb, Şimal və Cənub arasında körpü kimi əsas rolunun əyani təsdiqi hesab edilə bilər. Bu rolu dərk edən və transmilli nəqliyyatın artan əhəmiyyəti kontekstində Azərbaycan öz nəqliyyat sektoruna əhəmiyyətli resurslar yatırır. Öz ərazisində bütün lazımi infrastrukturu yaradan Azərbaycan bununla da nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar açır. Azərbaycan qalib dövlət kimi qlobal səviyyədə hərtərəfli sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində səylərini artırır. Geosiyasi vəziyyət bu məqsədə çatmaq üçün nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətini gücləndirir. Digər tərəfdən, dünya ictimaiyyəti Azərbaycanın və onun rəhbərinin artan nüfuzunu tanıyaraq, Bakı ilə əlaqələrin hərtərəfli inkişafına böyük önəm verir. Bu baxımdan, Azərbaycanın beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizin üzv olmadığı qurumların zirvə toplantılarına, konfranslarına, iclaslarına da dəvət alması qeyd etdiyimizin sübutudur. Bir sözlə, Azərbaycanın ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin gündəliyinin təbliği, regional proseslərdə iştirakı və qərar qəbul edilməsi baxımından çox vacibdir. Digər tərəfdən, Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısında iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Buna görə də, planet əhalisinin demək olar ki, yarısını birləşdirən bir təşkilat kimi Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı ölkəmizin təşəbbüslərinin qlobal miqyasda həyata keçirilməsi imkanlarının artırılmasına güclü təsir göstərir.
Aydın Əliyev,
Xocalı rayon ziyalısı