35 il əvvəl Bakı küçələrinə tanklar girəndə, milyonlarla insanın ürəyi birdən döyünürdü. Sovet rejiminin qorxu salan səsi şəhərin divarlarına çarpırdı. Lakin bu səsin qarşısında bir xalqın güclü, möhkəm iradəsi dayanmışdı. Həmin gecə yalnız qan axmadı, həm də tarix yazıldı. Bu tarix qanla yazılsa da, orada ümid və qürur da var idi.
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Sovet ordusunun əliyalın insanlara qarşı tətbiq etdiyi bu vəhşilik xalqımızı susdurmağa çalışsa da, tam əksinə, bu qanlı hadisə xalqımızın müstəqillik arzularını daha da alovlandırdı. Həmin gecə şəhid olanlar yalnız bir gün deyil, bütün gələcəyimiz üçün öz canlarını fəda etdilər.
Bəlkə də, o vaxtlar çoxları azadlığın belə baha başa gələcəyini düşünməmişdi. Həmin gecə canlarını qurban verənlər təkcə həyatlarını deyil, həm də bizim azadlıq yolumuzu işıqlandıran məşəl oldular. Onların fədakarlığı bizə azadlığın qiymətini göstərdi.
20 Yanvar təkcə faciə deyil, həm də şərəf tariximizdir. O gecə Bakının qaranlıq küçələrində yalnız tankların səsi yox, "Azadlıq!" deyə qışqıran xalqın səsi də əks-səda verirdi. İnsanlar ölümə meydan oxuyur, qorxunun üstündən keçərək bir məqsəd üçün irəliləyirdi. Bu birlik, bu cəsarət o vaxt Sovet imperiyasına meydan oxudu.
Şəhidlər Xiyabanına gedəndə o günlərin şahidi olmuş qocaların, gözündə yaşla dayanmış anaların və "O gecəni heç vaxt unutmayacam" deyən insanların simasında tariximizi görürük. Hər bir məzar bizə azadlığın bədəlini xatırladır.
Hər dəfə yanvar ayı yaxınlaşanda Bakı yenə həmin hüznü yaşayır. Ancaq bu hüzn içində böyük bir qürur var. Çünki biz azadıq! Bizim səma altında müstəqil bayrağımız dalğalanırsa, bu, şəhidlərimizin əməyi və xalqımızın birliyinin sayəsindədir.
Bu gün bir daha onların qarşısında baş əyərək deyirik: Sizin qanınız hədər getmədi. Sizin mübarizənizdən doğan azadlıq nurunu heç kim söndürə bilməz. 20 Yanvar – hüznlü tarix, amma eyni zamanda, qürurumuzun ən yüksək zirvəsidir!
Xocalı rayon ziyalısı Şəhriyar Quliyev