2024-cü il sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışı müasir Azərbaycan tarixində,
ölkəmizin təhsil sistemində mühüm hadisədir. Bu münasibətilə Prezident cənab İlham Əliyev Qarabağ
Universitetində çıxışında olduqca vacib mesajlar verdi, mühüm məsələlərdən bəhs etdi. Ölkəmizin başçısı bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu tərəfindən Azərbaycanın dövlət suverenliyinin,
konstitusiya quruluşunun bərqərar edildiyini vurğuladı.
Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Qələbədən sonra Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm qoydu. Münaqişədən sonrakı dövrün reallıqları kontekstində ölkənin
beynəlxalq aləmdə mövqeyini və nüfuzunu gücləndirən ictimai-siyasi həyat mühüm dəyişikliklərlə, böyük
nailiyyətlərlə müşayiət olunur. Geniş tikinti-quruculuq meydanına çevrilən işğaldan azad olunmuş
ərazilərdə özülü qoyulan, istismara verilən müəssisə və iaşə obyektlərinin sayı prosesin əzəmətindən,
möhtəşəmliyindən xəbər verir.
Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə qalib liderin Xankəndidə Qarabağ Universitetinin açılışını
etməsi və burada təhsil alacaq tələbələrlə görüşü təkcə sıradan bir təhsil müəssisəsi açılışı deyil,
qürurverici tarixi hadisə oldu. Çünki vaxtilə separatizm yuvasına çevrilmiş, 20 sentyabr antiterror
əməliyyatından sonra yenidən sahibinə qayıdan Xankəndidə Qarabağ Universitetinin yaradılması və qısa
müddət ərzində tədris ilinin başlanmasının təşkili hər bir azərbaycanlını qürurlandırır. Qarabağ
Universitetinin açılışının məhz 20 sentyabrda gerçəkləşməsi təsadüfi deyil. Çünki tarixin bu günündə
Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz birgünlük lokal xarakterli antiterror tədbirləri
ilə ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, artıq
şanlı tariximizdir və Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.
Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları,
yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan Qarabağ Universitetinin yaradılması
ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv
edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident cənab İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı, intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq.
Ən böyük vəzifə isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimizi qazandıran məhz
bu tərbiyə idi. Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklənişdə
tarix amili müstəsna əhəmiyyətə malikdir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir.
Bu sevinci bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevə Allahdan uzun ömür arzu edirik. Şəhidlərə
Allah rəhmət eləsin, qazilərə şəfa versin.
Yaşasın Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Aynur Bünyatova,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin Uşaq Təşkilatı Birliyi Rəhbəri