Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət
baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Azərbaycanda hər
bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir.
Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən
qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək
diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin
qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.
O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan
kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ
Universitetinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən
mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı
Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika,
Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya
yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən
eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus
dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Müvafiq vəzifələrin tutulması üzrə vakansiya elanları Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
Cənab Prezident 20 sentyabr tarixində Qarabağ Universitetinin açılışı zamanı qeyd edib ki, bu tarixi bir andır. Çünki 20 sentyabr eyni zamanda, Azərbaycan Respublikası Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət başçısı tələbələrin Qarabağ Universitetinə həvəslə axın etdiyini,
respublikanın ən nüfuzlu universitetlərindən biri kimi fəaliyyətə başlamasını də vurğuladı.
Cənab Prezident tələbələri təbrik edəndən sonra onların da çıxışını dinlədi. Onlar Qarabağ Universitetinin tələbəsi olduqları üçün, eyni zamanda Prezidentinin qarşısında çıxış etmək
imkanı qazandıqları üçün öz xoşbəxtliklərini dilə gətirdilər. Tələbələrə yaradılan yüksək
səviyyədə şəraiti, hər cür perspektivləri onlar sevinclə qarşılayıb və xalqımızın, dövlətimizin gənclərə olan etimadını doğruldacağını vurğulayıblar.
Daha sonra Prezident İlham Əliyev növbəti illərdə universitetdə Tibb fakültəsinin də yaradılmasını, Xocalıda Aqrar elmlər fakültəsinin, Şuşada Turizm fakültəsinin də fəaliyyət
göstərəcəyini qeyd edib.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Sevda Məmmədova,
Xocalı rayon gənci