Sosial şəbəkələrdə pulun üzərinə yazılan "Şəhid olmaq istəyirəm. Şəhid olsam sədəqə verərsiniz" sözləri yəqin ki, çoxunu kövrəltmişdi. O sözləri yazanın sonralar şəhid Vurğun Həsənov olduğu ortaya çıxmışdı.
Vurğun vətəni sevən, imanlı bir gənc idi. General-mayor Polad Həşimovun şəhadətindən sonra Vurğun da özünə yer tapa bilmirdi. Buna görə də Vətən müharibəsi başlayan kimi orduya yazıldı və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı. Vurğun şəhidliyin necə bir məqam olduğunu yaxşı dərk etdiyindən şəhid olmağı özünə şərəf-şan bilirdi. O, arzusuna çatdı və Vətən uğrunda qəhrəmancasına o uca məqama yüksəldi...
Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Vurğun Ağası oğlu Həsənovun doğum günüdür. O, 1995-ci il avqustun 6-da Siyəzən şəhərində anadan olub. Siyəzən şəhər C.Cabbarlı adına 1 nörməli orta məktəbin rus bölməsində, Siyəzən şəhər 6 nömrəli və 5 nömrəli tam orta məktəblərdə orta təhsil alıb. Vurğun Həsənov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa vurub. Siyəzən Broyler Quşçuluq fabrikində çalışırdı.
Ordumuzun əsgəri Vurğun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Vurğun Həsənov 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vurğun Həsənov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Doğmaları deyirlər ki, Vurğun vətənpərvər, səmimi, imanlı, ünsiyyətcil bir insan idi.
Şəhidimizin babası Mirzəməmməd kişi söyləyir ki, bu müharibə bizim hamımızın arzusu idi. Sevindik ki, Ali Baş Komandanımız əks hücum əmri verib. Müharibədə əlbəttə, onun qəhrəmanı da olacaq, yaralananı, elə mənim nəvəm kimi şəhid olanı da. Neynək, təki Vətən sağ olsun. Prezidentimiz dediyi hər bir sözü, kəlməni qanun kimi qəbul edirəm. Lazım olsa, bu yaşımda elə özüm də döyüşə getməyə hazıram. Təki qalib gələk, təki zəfər çalaq. Torpaqlarımız mənfur düşmənlərdən təki həmişəlik azad olsun. Xalqımızın Qarabağ dərdi nəhayət ki, bitsin...
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Ağası Həsənov isə belə deyir: “Bilirsiniz, Qarabağ müharibəsinin birinci mərhələsində mən özüm də döyüşlərdə müxtəlif əməliyyatlarda iştirak etmişəm. O ərazilərdən çoxlu tanışlarım var. Bir dəfə onlardan birinə rast gəldim. Oğlumun onların rayonunda, Tovuzda hərbi xidmətdə olduğunu dedim. O, rayona gedəndən sonra oğlumu sərhəd postundan icazəylə Tovuza gətirib, əgər istəyirsə orada hərbi qulluğunu təşkil edə biləcəyini bildirmişdi. Dostumun bu təklifindən sonra Vurğun mənə zəng elədi. Dedi ki, dünən mənim yoldaşım snayper gülləsinə tuş gəlib. Mən burada şəhərdə necə gizlənim? Səhəri gün öz hissəsinə qayıtmışdı... Əsil vətənpərvər idi mənim oğlum. General Polad Həşimovun həlak olmasından sonra özündə-sözündə deyildi. “Bilirsən, ata, biz kimi itirmişik? Axı, biz o azğınların cavabını nə vaxt verəcəyik?” - soruşurdu. Fikirli gördüm onu bir gün. Səbəbini soruşdum. “Ata, orduya yazılmışam. Bəsdir daha. O azğınların cavabını vermək vaxtımız çatıb. Ürəyim mənə deyir ki, Ali Baş Komandanımız yəqin bu günlərdə hücum əmri verəcək”. Bax, beləcə cəbhəyə gedən ilk könüllülərdən biri oldu Vurğunum”.
Şəhid kimi cəbhədən qayıtdı Vurğun. Silah yoldaşlarının dediyinə görə, Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərdə düşmən tərəfindən atılmış mərmidən yoldaşlarını xilas edərkən şəhid olmuşdu.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD