Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid, polkovnik-leytenant Qərib Baxşəliyevin doğum günüdür

5/5

  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin doğum günüdür. O, 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
    Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
    Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
    2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.

    Polkovnik-leytenant Qərib Baxşəliyev sentyabrın 27-də başlanan Vətən müharibəsinə iki gün sonra, ayın 29-da qoşulub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün, daim torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyib və ən böyük arzusu Laçında bayrağımızı dalğalandırmaq olub.
    Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxlayanda evlərinə yaxınlaşdığını söyləyirmiş: "Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də, şəhidlər ölməyib, sağdırlar".
    Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb. "Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə dedilər ki, Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq, mühasirəyə düşüb, axıra qədər döyüşüb, sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub".

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
    Şəhidimiz 2-ci Fəxri Xiyabanda böyük izdihamla dəfn edilib. Onun üç övladı Vətənə yadigar qalıb.
    Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

    Mina RƏŞİD
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib79 dəfə
    Şəhid polkovnik leytenant qərib baxşəliyevin doğum günüdür

    Maraqlı gələ bilər
    0
    53
    45
    40