Hərdən mənə elə gəlir ki, hər bir kəs təkcə öz ömrünü yaşamır.
Doğrudur, hər bir canlı insan yaşadığı dünyasını dəyişir. Amma o, cismən yox olur, əslində həmişə övladlarının, nəvələrinin, nəticələrinin , kötükcələrinin, iticələrinin xatirələrində yaşayır, ehtiramla, hörmətlə anılır. Bu dünya evinə təşrif buyuran hər bir insan bir-birinə bənzərsiz, müxtəlif həyat yolu keçir.
Kimisi əzab-əziyyətə qatlaşır, çətinliklə böyüyür, min bir məşəqqətlə üzləşir, kimisi yağ-bal içində üzür, vəzifə sahibi olur, beləcə yaşayıb öz həyatını başa vurur. Bəzən insanın yaşadığı ömrü alın yazısı və ya qismət də adlandırırlar.
Yaxşı ömür sürüb vicdanla, şərəflə yaşamış adamlar dünyada olmayanda, axirət evinə köçəndə həmişə məhəbbətlə, hörmətlə, ehtiramla xatırlanıb yad edilirlər. Hər bir insanın keçdiyi ömür yolu öz-özlüyündə bir kitabdır. 80 il əvvəl doğulan, 69 yaşında Haqqın dərgahına qovuşan, tanıyanların yaddaşlarında həmişə sadə, mehriban, səmimi, xeyirxah, halal insan kimi qalan Sərdar Mehdiyevin ömür salnaməsi də nəsillərə nümunə olan, örnəkləşmə haqqı qazanan, daim hörmətlə xatırlanan bir kitabdır.
Sərdar Dadaş oğlu Mehdiyev 22 aprel 1935-ci ildə Ağdamda anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə düşdüyündən çox əzablı və əziyyətli keçmişdir. Elə bu səbəbdən də orta məktəbə bir qədər gec getmişdir. Orta məktəbdə oxuduğu illərdə Sərdar bütün yaşıdlarından fərqlənirdi.1953-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Sərdar Mehdiyev elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul edilmişdir. Universitetdə təhsil aldığı illərdə də yaşıdlarından, tələbə yoldaşlarından seçilmişdir. O. 1958-ci ildə universiteti bitirib, ixtisası üzrə qəzetdə işləmək üçün Zaqatala rayonuna təyinat almışdır. 5 il orda çalışdıqdan sonra S.Mehdiyev Ağdam rayon Partiya Komitəsinin mətbu orqanı olan qəzetdə müxbir kimi fəaliyyət göstərmişdir.1965-ci ildə yüksək ali təhsil almaq üçün Bakı Ali Partiya Məktəbinə göndərilmiş S.Mehdiyev 1966-cı ildə bu təhsilini də uğurla başa vurduqdan sonra Ağcabədi Rayon Partiya Komitəsinin mətbuat orqanı olan "Sürət" qəzetinə redaktor vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə nə az, nə çox - düz 23 il işləmişdir.
XX yüzilliyin 70-ci illərində məmləkətimizin tarixi həqiqətlərinə qara pərdə çəkmiş SSRİ dönəminin hələ o kəsəkəs zamanında, xüsusilə 1970-1980-ci illərin həyat həqiqətlərinin qılınc ilə doğranılıb yandırılan bir dövründə S.Mehdiyev qəzet səhifələrində dərc etdiyi istər tənqidi materiallarında, istərsə də publisist yazılarında öz daxili gücündən aldığı mənəvi enerjinin sayəsində deyilməsi və yazılması çətin, təhlükəli olan məsələləri qabardırdı. Onun çoxsaylı yazılarında həmişə milli ruh, yüksək vətəndaşlıq mövqeyi, cəmiyyətdə baş verən haqsızlıqlara, ədalətsizliklərə kəskin reaksiya əks olunardı. O zamanlar rayon və ya respublika rəhbərliyini qıcıqlandıran yazılar yazmaq böyük cəsarət tələb edirdi. Belə cəsarət də məhz Sərdar müəllim kimi prinsipial, həqiqətpərəst ziyalılarda ola bilərdi. O, yazılarında həqiqəti olduğu kimi rəngsiz, boyasız verməyə çalışırdı.
1990-cı ildə Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qızışanda Sərdar müəllim yurdsevər, vətənsevər bir jurnalist kimi qərargahı Ağdam rayonunda yerləşən "Qarabağ" qəzeti ilə əməkdaşlıq etmiş, çoxlu sayda vətənpərvərlik ruhunda məqalə və oçerklər yazıb çap etdirmişdir.
1991-ci ilin iyulunda "Xocalının səsi" qəzetinə redaktor təyin edilən Sərdar Mehdiyev ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. O zamankı mövcud çətinliklərə baxmayaraq "Xocalının səsi" qəzetinin ilk nüsxəsinin 9 iyul 1991-ci il tarixdə Bərdə şəhərində işıq üzü görməsinə nail olan S.Mehdiyev qəzetin sonrakı nömrələrində də Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış problemlər və onlardan qurtulmağın yollarını vətənpərvər bir jurnalist kimi ortaya qoya bilmişdir. Onun publisistikasında da, digər janrdakı yazılarında olduğu kimi, özünəməxsus dil üslubunda, maraqlı formada mütəmadi xalqın mənəviyyatı, zəngin tarixi, ciddi vətəndaşlıq problemləri qaldırılırdı.
1992-ci ilin heç vaxt yaddan çıxmayacaq o məşum fevral günlərində - Xocalının işğalı ərəfəsində vəziyyətin son dərəcə gərginliyi ilə əlaqədar müvafiq orqanlara vaxtında məlumatların ötürülməsində müstəsna rol oynayan S.Mehdiyev Xocalının işğalı zamanı böyük sarıntı keçirmiş və bu sarsıntı da sağalmaz xəstəliyə çevrilərək onun sağlam vücuduna hopmuş, 9 il onu qarabaqara izləmiş, nəhayətdə isə 6 avqust 2001-ci ildə onun alovlu ürəyinin döyüntüsünü susdurmuşdur.
Doğru deyirlər ki, ot kökü üstə bitər. Sərdar müəllimin böyük oğlu Zamin uzun illər "Azərbaycan gəncləri" qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə zona müxbiri kimi çalışmış, sonralar özü də müstəqil ictimai-siyasi qəzet yaradaraq fəaliyyətini davam etdirmişdir. Ancaq çox təəssüflər olsun ki, Qarabağ həsrəti və ata itkisi amansız əcəl ilə, zalım fələklə birləşərək bu qüdrətli qələm sahibi olan istedadlı gənci - Zamini ölümə doğru sürükləyib onu 52 yaşında sıralarımızdan vaxtsız apardı.
Sərdar müəllimin kiçik oğlu Səbuhi də hazırda atasının yolunu davam etdirməkdədir. Bir müddət atası ilə çiyin-çiyinə işləmiş və "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş Səbuhi Mehdiyev hazırda "Azərbaycan tribunası" qəzetinin baş redaktorudur.
Deyirlər bağ qartalının bir xasiyyəti var. O nə qədər yüksəklərdə qanad çalsa da, bir gözü həmişə yuvasında olar. Özü də yuvasını lap zirvələrdə qurar. Haraya uçsa, hara getsə gözünü yuvasından çəkməz.
Rəhmətlik Sərdar müəllim də haraya getsə idi, gözü həmişə övladlarının üzərində olardı. Mənə elə gəlir ki, insan ruhunun da öz qanunları var. Ruh da istədiyi vaxt istənilən yerə gedə bilir. Sərdar müəllimin ruhu indi də daim övladlarının - Səbuhinin başı üzərində, Zaminin məzarı üstündə dolanmaqdadır...
... Mən Sərdar müəllimi onun 61 yaşı tamam olanda tanımışam. Sonrakı 8 illik tanışlığımız müddətində onun şəxsiyyətinə, iş üslubuna, əxlaqına, bacarığına, təşəbbüskarlığına, əlicənablığına, vətənə bağlılığına, paklığına heyran qalmışam. Bu gün yaşasaydı Sərdar müəllimin 80 yaşı olardı. Amma o, cismən bizim aramızda deyil, mənən, ruhən sıralarımızdadır, bizimlədir. Bəli, ölüm haqdır, onun əmrindən çıxmaq olmaz. Amma bu da var ki, yaxşı adamlardan həyatda yaxşı izlər qalır və daim onların xatirəsi əziz tutulur.
Sərdar Mehdiyevin yaxşı izi və xatirəsi kimi...
Nazim TAPDIQOĞLU
Mənbə: https://525.az/news/35088-serefle-yasanmis-omur