Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir.
Xocalininsesi.az-ın məlumatına görə, belə təşəbbüslərdən biri Sabunçu rayon Kürdəxanı qəsəbəsində fəaliyyətini davam etdirən Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayonu 7 nömrəli tam orta məktəbində irəli sürülüb. Şuşa rayon Polis Şöbəsinin əməkdaşı olmuş, Birinci Qarabağ Müharibəsinin “Azərbaycan Bayrağı” ordenli şəhidi Əsgərov Xəzani Kərəm oğlunun adı məktəbin 5A sinfinə verilib, sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib.
Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə şagirdlərə şəhidimizin həyat və döyüş yolundan danışılıb. Xəzani Əsgərovun cəsur döyüşçü, torpağa bağlı bir igid olduğu vurğulanıb. Bildirilib ki, şəhidlərimiz canlarını Vətən uğrunda fəda etməklə həm də gələcək nəsillər üçün vətənpərvərlik örnəyi olublar və şəhidlərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.