Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır ki, bu da ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınmasından , getdikcə dinamik şəkildə artan nüfuzundan xəbər verir .
İyulun 20-də “ Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu da bu qəbildən olan xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biridir. Bu mötəbər tədbirdə 50 ölkədən 150-dən çox xarici qonaqların , o cümlədən 30-a yaxın ölkənin informasiya agentliklərinin , 3 beynəlxalq təşkilatın və 82 media qurumlarının nümayəndələrinin iştirak etmələri Foruma diqqət və marağın nə qədər yüksək olduğunu göstərir . Eyni zamanda bu Forumun dünya mediası üçün mühüm platforma rolunu oynadığı öz təsdiqini tapır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılışında iştirakı, sualları özünəməxsus şəkildə cavablandırması və mühüm mesajlar verməsi Foruma olan diqqət və marağı daha da artırmış oldu.
Cənab Prezident Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının , yanlış məlumatların qurbanı olduğundan bəhs edərək bildirdi ki, ermənipərəst siyasətçilər, media nümayəndələri , böyük güclər və onların əlaltısı olmuş KİV torpaqları Ermənistan tərəfindən işğal edilən Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar kimi tanınmasına çalışırdıar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sferalarda ona qarşı qarayaxma kampaniyası aparılıb. Ərazilərimizin bir hissəsi işğal altında olanda bu kampaniya daha da intensivləşdi.
Ancaq bütün bunlara baxmayaraq Azərbaycan həm siyasət meydanında, həm də döyüş meydanında öz sözünü deyərək haqq və ədaləti bərpa etdi.
Özünə hörmət edən istənilən KİV obyektiv, qərəzsiz, doğru, balanslı informasiya yaymağa borcludur. Dövlət başçımız bu kimi faktorları nəzərə alaraq vurğuladı: “ İstərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”.
Cənab Prezident Şuşa Qlobal Media Forumunda KİV nümayəndələri ilə yanaşı , region ölkələrinə , beynəlxalq ictimaiyyətə , habelə Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyən, buna can atan dövlətlərə də mesajlar verdi.
Beləliklə, Şuşa Qlobal Media Forumu beynəlxalq hüququn və həqiqətlərin təmin olunmasında medianın rolunu dəyərləndirərək qlobal problemlərin həll olunması yollarını müəyyənləşdirmək üçün istiqamətlər verdi.
Zülfü Quliyev,
Xocalı rayon ziyalısı