ŞUŞAM
İzin ver başımı qoyum köksünə,
Bir az gec gəlmişəm, bağışla Şuşam.
Necə durublarmış sənin qəsdinə,
Mən bir "oyanmışam", səbri daşmışam.
Yenə qanla yudum qanlı yaranı,
Gözünə sevincdən yaş gətirmişəm.
Nə gözəl yapacam arzularımı,
Doğulmuş vətənə daş gətirmişəm.
Ay Allah başını əyibdi hərə,
Gör necə birləşib vətən olmuşuq.
Oğullar, atlanın, qonun yəhərə
"Cəngi""çaldırırıq, cıdır qurmuşuq.
Gör necə oğulmuş Baş Komandanım,
Alilik yazılmış alnına onun.
Sözünə bəndmişik: "Durun atlanın!",
Mehmetım, Məmmədim, fəhləm, çobanım.
İlahi, bu qürur necə gözəldi,
Oğuzam, Göy Türkəm, Boz Qurdam indi.
Güc gəldi dizimə, belim düzəldi
Xoşbəxtəm, bu ulu Vətən mənimdi!
ŞƏHİD BALAMIZ SƏBUHİYƏ
Gülüzlü şəhidim, arzun varıydı?
Yəqin sənin arzun sevgi olardı.
Ya da, bir ailə, bir isti ocaq
Bir gözəl həyatın, ömrün olardı.
Bu gözəl vətəndə, bir sakit işin,
Oğul böyüdərdin əsgər olmağa.
Bir ömür gedərdi zabit vərdişin
Bir qız böyüdərdin oğul doğmağa.
Bu dünya özü də nağıldı, şəhid,
Hər gün yeni, yeni nağıllar doğur.
Haqqın ki, gözləri bağlıdı, şəhid,
Dünya əzab doğur, ağrılar doğur.
Rahat yat şəhidim, bu yurd basılmaz,
Daha qarğamaram qərənfili də.
Bu dünya düzələr, qan yerdə qalmaz
Əzərik başını, o əfinin də.
SƏHƏRƏ YAXIN ANAMI GÖRDÜM YUXUDA
Mən çıxıb gəlmişəm, varmı xəbərin?
Burda xatirələr ağladır məni.
Varmı gəlməyinə zəif bir güman
O hansı ümiddi aldadır məni?
Qapını açmağa cəsarətim yox,
Xırdaca yerişin ləngiyir harda?
Bir qucaq ağlayır, hərarəti yox,
Bir körpə hay salır, təngiyir orda.
Bütün qapıların üzü sənəydi,
Bütün xoşbəxtliklər səninlə imiş.
Sənə gəlirikmiş milyon sənədi,
Xoşbəxtlik gözündə sərnimək imiş.
Qalmışam od ilə od arasında
Ömrüm bilə-bilə aldanır elə.
Bütün xatirələr boy sırasında
Yanır, tüstülənir, odlanır elə.
Götürüb qoymağa yoxdu heç nəyim
Təntiyib qalmışam sənsizliyimdə.
Yox imiş dayağım, arxam, köməyim
Oynadır insanı dünya felində.