19 fevral 2024-cü ildə cənab prezident İlham Əliyevin qardaş Türkiyənin Ankara şəhərinə rəsmi səfəri sıradan bir səfər deyildi. Hər dəfə prezident seçilərkən ənənəvi olaraq ilk rəsmi xarici səfərini qardaş Türkiyəyə edən dövlət başçımızın budəfəki səfəri tamamilə fərqli idi. Çünki bu dəfə cənab prezident ərazi bütövlüyümüzün bərpa olunduğu, üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalandığı bütöv Azərbaycanın prezidenti kimi, qalib xalqın qalib lideri kimi səfər edirdi. Əlbəttə, belə bir səfər tək Azərbaycanın deyil, qardaş Türkiyənin deyil, bütövlükdə Türk dünyasının çoxdan arzuladığı bir səfər idi.
Azərbaycan Respublikasının Prezidentinin Ankarada təntənəli qarşılanma mərasimindən tutmuş qardaş Türkiyənin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla birgə bəyanatlarına qədər-hər şey iki qardaş ölkənin və Türk dünyasının birgə əməkdaşlıqlarının bariz nümunəsi idi.
Qardaş ölkələrin liderləri ikitərəfli və geniş tərkibli görüşləri zamanı, həmçinin mətbuat qarşısında səsləndirilən bəyanatlarda iki qardaş ölkənin keçmiş əlaqələri , mövcud münasibətləri, əməkdaşlıq perspektivləri barədə önəmli açıqlamalar, çox vacib mesajlar verdilər. Prezident İlham Əliyev bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.
Bu gün Azərbaycan Türkiyənin bütün uğurlarına sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, hərbi gücü Türk dünyasına mənsub olan hər bir kəsi sevindirir.
Hər iki dövlətin liderlərinin çıxışlarında Şuşa Bəyannaməsinə istinad edilməsi təsadüfi deyildi.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müttəfiqliyinin , qardaşlığının XXI əsrdə yeni zirvəyə qaldırılmasıdır, tarixi Qars müqaviləsinin məntiqi davamıdır. Bu müttəfiqlik yalnız iki qardaş ölkə arasında məhdudlaşdırılmamalı, gələcəkdə Türk dünyasının birləşməsi və güclənməsinə yönələn bir müttəfiqlik olmalıdır. Cari ilin iyun ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyinin elan edilməsi bu müttəfiqliyin tezliklə reallaşacağından xəbər verir.
Azərbaycan və Türkiyə liderlərinin Ankara görüşü zamanı növbəti mühüm sazişlər imzalandı. Bu anlaşmalar birgə həyata keçirilən çoxsaylı layihələrə yenilərinin əlavə olunmasıdır.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan- Türkiyə qardaşlığı sarsılmazdır, Türk dünyasının birləşərək güclənməsi labüddür.
Zülfü Quliyev,
Xocalı rayon ziyalısı