Mən Xocalı rayonundan olan bir gənc olaraq hər il 2 Fevral – Azərbaycan Gəncləri Gününü böyük qürur hissi ilə qeyd edirəm. Bu gün təkcə bayram deyil, həm də biz gənclərə göstərilən diqqət və qayğının təzahürüdür. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti sayəsində bu gün biz geniş imkanlara sahibik, təhsil alır, inkişaf edir və ölkəmizin gələcəyini qururuq.
Müstəqilliyimizin bərpasından sonra gənclərin potensialını üzə çıxarmaq və onların dövlətin inkişafında mühüm rol oynamasını təmin etmək məqsədilə bir çox mühüm addımlar atılmışdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən gənclər forumlarının keçirilməsi, "Qızıl kitab" təşəbbüsü və 2 fevralın Gənclər Günü elan edilməsi gənclərin inkişafına geniş imkanlar açmışdır.
Bu gün biz, gənclər, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin bizə verdiyi imkanlardan maksimum istifadə edərək təhsildə, elmdə, idmanda və ictimai həyatda aktiv rol oynayırıq. İnnovativ layihələr həyata keçirir, texnoloji inkişafda mühüm nailiyyətlər qazanır və Azərbaycanın beynəlxalq arenada tanınmasına öz töhfəmizi veririk.
Biz bilirik ki, Azərbaycanın gələcəyi bizim əllərimizdədir. Dövlətimizin verdiyi dəstək və göstərdiyi qayğı sayəsində hər birimiz ölkəmizin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Bu gün bizim üçün təkcə bir bayram deyil, həm də məsuliyyətimizi bir daha dərk etdiyimiz gündür. Azərbaycanın parlaq gələcəyi naminə yorulmadan çalışmağa davam edəcəyik!
Xocalı rayon gənci Bəxtiyar Mahmudov