Əziz oxucular!
Məlumunuz olsun ki, Nəsirov Xəqani Kamran oğlu 1982-ci il iyun ayının 29-da Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndi şəhərində dünyaya göz açıb. O, 1988-ci ildə ailəsi ilə birlikdə məcburi köçkün olaraq Xocalı şəhərinə gəlmişdir. Xəqani Nəsirov 1989-cu ildə Xocalı şəhər 1 saylı tam orta məktəbinin I sinfinə qəbul olub. V sinifdən mən ona sinif rəhbəri olmuşam. Dərslər zamanı mən hər dəfə şagirdlərə Qarabağ haqqında söhbətlər aparır, onlara Vətən sevgisini aşılayırdım. Qəlbi Vətən eşqi ilə, yurd həsrətilə döyünən Xəqani, həmişə fikrimin məğzini məndən əvvəl deyirdi. O, deyirdi ki, müəlim, biz Qarabağı mütləq azad edəcəyik. Biz o zamanlar Naftalan şəhərində məskunlaşmışdıq. Nəsirov Xəqani çox cəsarətli, çılğın, qoçaq bir şagird idi. Vətənini, xalqını çox sevirdi. Bütün həmvətənlər kimi Xəqani də əmin idi ki, topraqlarımızı mənfur düşmənin tapdağından azad edəcəyik. Elə bu inam xalqımıza, Prezidentimizə güc verdi ki, 44 gün ərzində Qarabağı azad etdik.
Xəqani və Xəqani kimi yüzlərlə qəhrəman, vətənpərvər, igid oğullarımızın qanı, canı bahasına və müdrik Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Vətən müharibəsində Şanlı qələbə çaldıq. Qəhrəman şəhidlərimiz əbədi olaraq xalqımızın qəlbində, yaddaşında yaşayacaqdır.
Vətənin igid oğlu, cənnətdə 42 yaşın mübarək olsun!
Solmaz Məmmədova,
Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi