Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir.
Azərbaycan dövləti Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Bu il sentyabrın 19-20-də ordumuz Qarabağda antiterror tədbirlərinin keçirdi.Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq.
Bildiyimiz kimi, sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gündən də az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji mövqeyləri ələ keçirərək, qısa müddət ərzində əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. 32 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə xitam verildi.
Artıq Azərbaycanın Zəfər tarixindən 4 il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Xocalı şəhəri yenidən qurulur.
Hazırda isə burada 283 evin təmir-bərpası aparılır.
İlin ilk 6 ayında Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır.
Sevinc Məmmədova,
Xocalı rayon gənci