Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı sakini Zümrüd Əliyeva bu gün “Vətən səsi”nin qonağı olub

0




  • Xocalı sakini Əliyeva Zümrüd Əzim qızı bu gün “Vətən səsi”nin qonağı olub. Zümrüd xanım ötən ayın əvvəlində “Vətən səsi”ndə gedən “Görəsən doğrudanmı Xocalıda öz evimdəyəm” yazısından oxucularımıza tanış olsa da, xatırladaq ki, bu xanım Xocalı faciəsində, o dəhşətli gecədə 4 uşaqla min bir müsibətlə qaçıb Ağdama pənah aparanlardandı. Özü də çantasında gizlətdiyi silahlarla. Onun silahlı olmasının səbəbi həyat yoldaşının hərbçi olması ilə bağlıdır. Belə ki, mərhum həyat yoldaşı, Xocalıda ilk özünümüdafiə batalyonunun yaradıcılarından olan Əliyev İldırım İslam oğlu o vaxt vəziyyətin ağırlığını nəzərə alaraq Zümrüd xanıma hərbi təlim keçib. Odur ki, Zümrüd xanım 4 balasını dişinə alıb Xocalıdan qaçanda özüylə ehtiyat üçün qumbara və bıçaq götürməyi də unutmayıb…
    Xocalı faciəsində neçə doğmasını itirən Zümrüd xanım o gecə heç vaxt unutmayacağı bir müsibəti də yaşayıb. Belə ki, yeganə qızı 9 yaşlı Leyla həmin gecə mühasirədə qalan atasından ayrı düşür. Nəhayət atası mühasirədən çıxdıqdan sonra Ağdamdan yenidən qızına görə meşəyə qayıdır və balasını yolka ağacının koğuşuna sığınmış vəziyyətdə tapır…
    Bütün bu müsibətləri yaşayanda Zümrüd xanımın 37 yaşı vardı. İndi o 70 yaşında dogma Xocalıya öz zəhmətləri ilə tikdikləri evinə qayıdıb. Deyir ki, Xocalıya qayıdanda donub qalmışdım, deyirdim görəsən evimiz haradadır? Dedilər, bax elə bu küçə ilə gedib evinizə çıxacaqsan. Bizim evimiz salamat idi. Amma atamın evi nəinki yox idi, sanki heç burada ev olmamışdı. Doğmalarımızın çoxunun evi yerlə-yeksan edilmişdi. Xocalıya qayıdan gecə hamı yatdı, amma mənim gözlərimə yuxu getmədi. Divanda oturub Xocalı həsrətiylə dünyasını dəyişən həyat yoldaşımın şəkli ilə söhbətləşdim. Axı onun da Xocalıda yaşamaq haqqı var idi, ata-anasının öldürüldüyünü görəndə az qala havalanmışdı…
    Bacım oğlu Muradov Zahid Lətif oğlu Xocalının ilk şəhidi olmuşdu. Onların da həyətinə getdim, doyunca ağladım…
    Zümrüd xanım deyir ki, Xocalının çox gözəl, təmiz havası var.
    Onu da qeyd edək ki, Zümrüd xanım səhhətindəki problemlərlə bağlı bir neçə günlüyə Bakıya gəlib. Yoxsa onu Xocalıdan kim ayıra bilər ki…
    Z.Əliyeva bu gün özünü xoşbəxt sayır. Deyir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sağ olsun, var olsun ordumuz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində bizim də qısasımız alındı, dogma torpaqlarımıza, evimizə qayıtdıq.

    Mina RƏŞİD





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib13 dəfə
    Xocalı sakini Zümrüd Əliyeva bu gün “Vətən səsi”nin qonağı olub

    Maraqlı gələ bilər
    46
    47
    30
    35
    0
    46
    48
    34