Zabrat qəbiristanlığında izdiham yaşanırdı…32 il əvvəl Xocalıda soyqırımı gecəsində itkin düşən Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmovla son vida mərasiminə gələn insanların üzündə kədər, gözlərində yaş, ürəklərində hüzn var idi. Əllərində üçrəngli Azərbaycan bayrağı, təzə-tər qərənfillər, qızılgüllər tutan gənclər dəfn mərasiminə axışırdılar.
Aprelin 6-da Sabunçu rayonunun Zabrat qəbiristanlığında Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Bəsirə Vəli qızı Məhərrəmova və həyat yoldaşı Vaqif Cəmil oğlu Məhərrəmovun dəfn mərasimi keçirilib. Vaqifin Məhərrəmovun kimliyi aprelin 2-də müəyyənləşib, onun nəşinin qalıqları da digər 19 nəfərlə birlikdə bu il fevralın 23-də aşkar olunmuşdu.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı və Sabunçu Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsinin rəhbərliyi, şəhidlərin ailə üzvləri, qohumları, Xocalı rayon sakinləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Dəfn mərasimində çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm Zəfər və ötən ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarının erməni işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin suverenlik və ərazi bütövlüyünün tamamilə bərpa olunması, uzun illərin həsrətindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışından bəhs edib və bu yolda şəhid olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.