Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatı
Bakı, 16 mart, AZƏRTAC
İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı birgə məlumatda deyilir:
“Həmin ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.
Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il
(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb.
Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.