Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının Meşəli kəndindən ilk reportaj - Soyqırımın Meşəli səhifəsi

5/5

  • Yolumuz Xocalı rayonunun Meşəli kəndinədir. Həmişə bu kəndi görmək arzusunda olmuşam. Meşəlidə törədilmiş qanlı soyqırım aktı haqqında bir jurnalist kimi təəssüratlarımı bölüşmək məqsədilə bu kəndin coğrafi mövqeyi, təbiəti haqqında əyani olaraq tanış olmaq istəyirdim. 2023-ci ilin avqustun 14-də Meşəli kənd ziyalısı İlham Kazımovla Qırxqız dağlarının ətəyində yerləşən Laçın rayonunun viran olmuş Nurəddin və Fərraş kəndini, hər iki kənddə dəfn edilmiş Meşəli soyqırımı şəhidlərinin məzarlarını ziyarət etmişdik. Qırxqız silsiləsindən o biri üzə - Xocalıya, Meşəli kəndinə baxmaq üçün düşmən və sülhməramlıların postları ilə üzbəüz olan postlarımızın birindən icazə alaraq kəndi seyr etməklə qəlbimizdəki qübarı azaltmaq istəyirdik. İcazə ala bilməyib geri qayıdanda çox da məyus olmadıq. Çünki fəhmimizdən, gedişatdan hiss edirdik ki, çox yaxın zamanda arzusunda, həsrətində olduğumuz yerləri azad görəcəyik. Qırxqızın ətəyindən aşağı düşərkən İlham müəllimlə əhd etdik ki, inşallah Meşəlidə görüşəndə bu intizarlı günü yada salaraq aşağıdan yuxarıya, yəni Meşəlidən Qırxqıza boylanarıq.
    Azad yurd-yuvamızı, dağılmış obalarımızı görmək istəyi ilə Xocalı rayonunun Daşbulaq kəndindən olan uşaqlıq dostum Zülfiqar Məmmədov və əmisi oğlu Müşfiqlə Meşəliyə yol aldıq. Vaxt-vədə ötən ilin elə əhd elədiyimiz vaxtları idi. Yəni antiterror əməliyyatlarının ildönümünə sayılı günlər qalmışdı.
    Meşəliyə gedərkən gördüyümüz mənzərələr, füsunkar təbiət bizi özünə heyran etdi. Zümzümə edən Meşəli çayı, başımızın üstündə qıy vuran qartallar, sıx meşəliklər, əzəmətli Qırxqız dağları Meşəlini sanki cənnətdən bir guşəyə çevirib. Bu gün Meşəlini cənnət edən tək onun təbii gözəlliyi deyil, həm də şəhidlərimizin müqəddəs ruhlarıdır.
    Düzü, Meşəli deyəndə yada ilk öncə Meşəli soyqırımı gəlir. 1991-ci ilin dekabrın 23-də mənfur düşmənlər tərəfindən Meşəlidə törədilən o qanlı soyqırım aktı. Qətliam zamanı erməni quldurları azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəliyə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
    Bu yerdə insanın ruhunu qürur hissləri ilə bərabər, məyusluq da bürüyür. İnsan kədərlənir, hikkədən ağlamaq istəyir. Heç vaxt barışmaq olmur ki, belə gözəl yerlərimiz illərdir düşmən tapdağı altında inildəyib. Bu qarışıq fikirlərin ağuşunda kəndə daxil olduq. Bütün işğaldan azad edilmiş yerlərdə olduğu kimi, burada da erməni barbarlığının izləri açıq-aşkar görünür. Bir vaxt yandırılmış evlərdən qalxan alovun dilləri Meşəli soyqırımının ərşə qalxan carçısı olub, indi lal olan daş-divar sakit dayansa da, yenə də çox şeyi danışır. Təəccüb, təəssüf hissləri ilə irəliləyərkən qarşıda bir “Mercedes” markalı avtomobilin dayandığını gördük. Avtomobil Meşəli kənd İƏD-si üzrə nümayəndə İlham Kazımova məxsus idi. İlham Kazımov 80 yaşlı anası Qaratel və bacısı Gülnaz ilə birlikdə Meşəlini, atası Xəlil Kazımovun şəhid olduğu yeri ziyarət etməyə gəlmişdi.
    Avtomobildə kiçik dialoqumuz oldu.
    Sürücü Zülfiqar dedi:
    - Qabaqda maşın görünür.
    Müşfiq:
    - Hə, yəqin kənd sakinlərindən olar.
    Zülfiqar:
    - Deyəsən, Meşəlinin nümayəndəsi İlham müəllimdir.
    “Nə danışırsan? İlham müəllimdir? Gör onunla harada rastlaşdıq..., - deyə heyrətlə avtomobili saxlatdım. Avtomobildən yerə düşərkən yolları çəkə-çəkə gəldiyim telefonumun kamerasını bağlamadan İlham Kazımovla salamlaşdım və tez anası Qaratel nənənin olduğu yerdə dayanaraq çəkilişə davam etdim. Qaratel nənə həyat yoldaşı Xəlil kişinin düşmən gülləsinə tuş gəldiyi, şəhid olduğu yerdə qoyulmuş xatirə şəklinin önündə əlində gül dəstələri, dilində qəmli bayatılarla göz yaşlarını axıdırdı. İllərdir dayanmayan göz yaşları həmin gün yenidən leysana dönmüşdü. İlham Kazımov otuz üç il əvvəl ermənilər tərəfindən törədilən qanlı soyqırımın təfsilatları və atasının necə şəhid olduğu barədə danışdı: “Atamı burada vurublar”, - deyə sanki yenidən həmin günə qayıtdı. Amma sonradan özünü toprlayıb, “Əyyubun balaca oğludur, bu da Qalib müəllimdir, qəzetimizin redaktoru”, - deyə anasına bizi tanış etdi.
    Qaratel nənə: “Allah köməyiniz olsun. Gələnlərin ayaqları var olsun”, - dedi.
    “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısının qanı alındı, hamısının ruhu şaddır. Bugünkü günə şükür”, - deyə İlham müəllim dilləndi.
    Sonra İlham Kazımov ötən ilin bu vaxtında Qırxqızda aramızda olan söhbəti xatırladaraq “Qalib müəllim, yadındadır, keçən il biz avqustun 14-də Qırxqızdan çalışırdıq ki, buralara boylanaq? – deyə mənə sual verdi. Mən İlham Kazımovun sözlərini təsdiqlədim. İlham Kazımov: “Amma imkan olmadı. Orda arzuladıq ki, inşallah buradan yuxarı baxacağıq. Vaxt həmin vaxtdır. Gəlmişik, buradan yuxarı baxırıq. Bugünkü günümüzə şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi qorusun” – dedi.
    İlham Kazımov bildirdi ki, Müzəffər Ali Baş Komandınımızın qətiyyətli siyasəti, qəhrəman şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin hünəri sayəsində gəlib torpaqlarımızı görürük, öz yerimizi, yurdumuzu ziyarət edirik. Bugünkü günümüzə çox şükür. Ağlımıza gəlməyən bir işdi. Sağ olsun Prezidentimiz. Allah qorusun onu. Biz öz torpağımıza gəlmişik, ermənisiz Qarabağa gəlmişik.
    Söhbətimizin ortasında Qaratel nənənin qəmli bayatısı eşidildi:
    “Dağ başı dolu qaldı,
    Qar yağdı, dolu qaldı.
    Siz fələyə neylədiniz?”...
    Qaratel nənənin ürəyində hələ nə qədər deyilməmiş sözü, bayatıların olduğunu duyaraq onunla bir az danışmaq istədim. Kənd işğaldan azad olunandan sonra ilk gəlişi olub-olmadığını soruşdum. O, kəndin ziyarətinə ilk dəfə gəldiyini bildirdi. Ona buraları necə təsəvvür etdiyini soruşanda bir vaxtlar kəndin gəlhagəlli, qonaqlı, açıq süfrəli, qaynar samovarlı olduğunu dedi. Qaratel nənə bu sözləri deyəndə onun gözlərindən süzülən yaşın bir qaya parçası qədər ağırlaşdığını hiss etdim. Bu yaşda insanların gözü ata-anasını, bacı-qardaşını, həmyaşıdlarını axtarır. Sonra Qaratel nənə “Hamısı yoxdur. Hamısı yalanıymış” – deyərək dərindən köksünü çəkdi. Bu günü bizə bəxş edən şəhidlərimizə bir daha minnətdarlıq etdi.
    Qaratel nənə qızı Gülnazın viran olmuş evlərinin yanında dolandığını görüb yanımıza çağırdı. Gülnazın atasının necə vurulduğunu gördüyünü dedi. Acılı-şirinli xatirələri yada salan Gülnaz ağlaya-ağlaya ömürlük qan yaddaşına həkk olan o qanlı səhnənin baş verdiyi yerə yaxınlaşdı.
    İlham Kazımov sözlərinə davam etdi: “Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdı. Pulemyotu qurub camaatı atəş altında saxlayırdılar. Atam da ov tufəngi ilə gəlib buradan atışırdı. Atama iki güllə dəyir. Biri bir az qabaqda, biri də burda. Köhnə məktəbin mərkəzi dediyimiz yerin yanında beş nəfər şəhid oldu. Xalam, həyat yoldaşı və xalamın iki oğlunu ermənilər amansızcasına qətlə yetirdilər. Novruz dayının evindən beş nəfər şəhid oldu. Bizim kəndin qəhrəman oğulları var. Bir günün içində iyirmi beş şəhid verdik. Onlardan iyirmisi Meşəli kəndindən, beş nəfər isə kənardan gələn idi. Rütbəsi baş leytenant olan Kamil adlı hərbçi bizə köməyə gəlmişdi. O, bacımı, onun uşağını, bir də qardaşımı məktəbin döşəməsinin altında saxlayıb. Deyib ki, sizi əsir düşməyə qoymayacağam. Şəhid olana qədər əlində qumbara ilə mübarizə apardı. Əgər Meşəliyə Xocalıdan və Kosalar kəndindən haraya gələn döyüşçülər olmasa itkilərimiz daha çox olacaqdı”.
    Bu həyatda ən dəhşətli səhnə bəlkə də bir qız övladının gözləri qarşısında atasının qətlə yetirilməsi olar. Gülnaz da belə sarsıntılar içində ömrünü davam etdirib. El-obanın, ailəsinin namusunu qoruyan ata ov tufəngi ilə düşmənə qarşı mərdliklə mübarizə apararaq şəhidlik zirvəsinə ucalıb. Gülnaz xanım həmin dəhşətli anları belə xatırlayır: “Pəncərədən atamın döyüşünə baxırdım. Atamı gözlərimin önündə vurdular. İmkan olmadı köməyinə çatım. Birtəhər uşağın əlindən tutaraq məktəbə getdim. Atamın meyitini də məktəbə gətirdilər. Gör erməni bizim başımıza nə oyunlar açdı... Atamın meyitinin üstünü örtəndən sonra qaçıb döşəmənin altına girdim. İndi də səsi qulaqlarımdan getmir. Dedim ki, biz bu məktəbdə yansaq da olar, təki bizi girov aparmasınlar. Qorxudan dodaqları səyriyən uşaqları bağrıma basıb kömək gələnə qədər gözlədim. Yenə bugünkü günümüzə şükür ki, gəlib buraları ziyarət edə bilirik. Mənə elə gəlir ki, bu gün həminki gündür”.
    Meşəlilər nə qədər ağrı-acılar çəksə də, Gülnaz xanımın timsalında bu gün mənən rahatlıq içindədir. Ona görə ki, şəhidlərimizin qanlarının töküldüyü torpaqlar indi mənfur düşmənin tapdağından təmizlənib. Vagif xaçaturyan və digər qatillər öz cəzalarını alıb. İlahi ədalət bərpa olunub. Bir sözlə, Xocalının, Meşəlinin qisası qiyamətə qalmayıb. Bütün şəhidlərimizin ruhları şaddır.
    Təsadüfən alınan bu görüş Xocalının Meşəli kəndindən ilk videoreportaj kimi yaddaşa yazılaraq “XOCALI TV” yutub kanalında paylaşıldı. Təsadüf yazsam da, bu qismətdə ilahi bir qüvvənin olduğuna inanıram. İlham Kazımovla əhdimizi yerinə yetirdik. Sevinclə, qürurla, dilimizdə şükürlərlə, dualarla Qırxqıza boylandıq. Həmin gün sevinən, Meşəlini ziyarət edən tək biz deyildik. Əmin idik ki, şəhidlərimizin ruhları da Meşəlinin azad səmasında şad pərvaz edirdi.
    Qalib BƏYMƏMMƏDOĞLU,
    “Xocalının səsi” qəzetinin redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib542 dəfə
    xocalının meşəli kəndindən ilk reportaj soyqırımın meşəli səhifəsi

    Maraqlı gələ bilər
    39
    75
    98