Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova zəng edib məni Xocalıda keçirilməsi nəzərdə tutulan “Çalınmayan Son zəng” tədbirinə dəvət edəndə bir anlıq çaşdım. Bilmədim sevinim, yoxsa kədərlənim. Axı tədbir doğma Xocalımızda baş tutacaqdı. Mənim üçün Xocalıya gedəcəksən kəlməsindən gözəl heç nə ola bilməz! Ancaq Xocalıda qarşılaşacağım mənzərənin ağırlığı məni qorxutmurdu deyə bilmərəm. Yaxşı ki, bu günə qədər Xocalıdan, məhləmizdən, evimizdən çəkilən videolara baxmışdım, əks halda qarşılaşacağım mənzərəyə münasibətimi təsəvvür belə etməyə çətinlik çəkirəm. Tədbir keçiriləcəyi günə qədər günlərin necə keçdiyini bilmirəm. Hər an hansısa problemin çıxacağını düşünməkdən içim-içimi yeyirdi. Nə isə, vədə yetişdi. Dostlarla danışdığımız kimi bir gün əvvəl axşam saatlarında Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilən evimizə yola düşürük. Burada gecələyib, səhər Xocalıya getməliyik. Gecəliyib deyəndə ki, əslində buna gecələmək demək mümkündürsə. Hər 10-15 dəqiqədən bir oyanıram ki, birdən yatıb qalaram. Təxminən bir saatdan sonra vədə yetişir. Aşağı Ağcakənd qəsəbəsindən Goranboy rayonunun mərkəzinə yollanırıq. Yol boyu qarışıq fikirlər məni rahat buraxmır, axı bu evdə də xatirələrimiz var. 32 ildir ömürümüz ordan- bura, burdan- ora köçməklərdə keçdi. Hər tərk etdiyimiz yuvada bir xatirəmiz qaldı. Aşağı Ağcakənd qəsəbəsindəki evimizdə, qəsəbənin özündə yetərincə xatirələrimiz var. Bu evdə də acılı-şirinli çox günlər yaşamışıq. Bəlkə də ayrılıq yaxınlaşdığına görə mənim beynimdə yalnız xoş xatirələr dolanır. Xüsusən atam və anamla bağlı olan xatirələrə bu evdən də ayrılmağı çətinləşdirir. Nəhayət rayon mərkəzinə çatırıq. “Xocalının Səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlunu götürüb, Xocalıya doğru yola düşürük.
Gözəl Ağdam...
Ağdamda, dördyolda polis postuna yaxınlaşıb, sənədlərimizi təqdim edirik. Postdakı polislərin hamısı cavan və mehribandırlar. Yadımdadır, hər dəfə atamla Qarabağa gedəndə, imkan daxilində dördyoldan keçərdik. Çünki burada Xocalıdan əsən havanı hiss etmək, duymaq olurdu. Təəssüf ki, indi Xocalıya atamsız və anamsız gedirəm. Bəlkə də onların ruhu mənim Xocalıya səfərimə görə şaddır. Axı, hər kəlmələrinin başında Xocalı, Şuşa, Laçın olub.
Ağdam şəhərinə daxil oluruq, şəhər demək mümkündürsə. O gözəl və yaraşıqlı Ağdamdan əsər-əlamat qalmayıb. Daşlar adama elə baxır ki, utanmaya bilmirsən. Doğrudanmı bir millət bu qədər qəddar, əzazil ola bilər?! Bunların hirsi tək azərbaycanlılara yox, insanlığa qarşı olub. Daşımız, qayamız, torpağımız, bulaqlarımız belə bunların gözünə batıb. Qəsdinə dursan Ağdam kimi şəhəri bu səviyyədə tarimar edə bilməzsən. Hətta 10 ballıq zəlzələ belə şəhərləri, kəndləri belə vəziyyətə sala bilməz.
Qarşıda Ağdam Şəhidlər Xiyabanı görünür. Avtomobili saxlayıb, məzarları ziyarət edirik. Dağıntının miqyasına görə Ağdam məzarlığı şəhərdən fərqlənmir. Bir az uzaqda gözəl zövqlə təmir olunmuş Ağdam Cümə Məscidi görsənir. Məscidi ziyarət edib, şəkil çəkdirib yolumuza davam edirik. Qarağacı məzarlığı demək olar ki, yer üzündən tamamilə silinib. Tanıyanlar bilir ki, Qarağacı məzarlığı daşlardan salınmış bir şəhərə bənzəyirdi. Qarabağın digər şəhər və məzarlıqları kimi bu məzaqlıqdan da əsər-əlamət qalmayıb...
Qarşıda yolun solunda Əsgəran sözü yazılıb. Bu ərazi Qarabağ camaatı, xüsusən xocalılar üçün acı xatirlələrlə doludur. İşğaldan əvvəl Rus hərbçilərinin müşayiəti (pul qarşılığında) ilə Xocalıya getməyimiz, bəzən adamların yığışmaması səbəbindən saatlarla gözləməyimiz, bəzən də Xocalıya keçə bilməyib, Ağdama qohumlarımızın evinə qayıtmağımız gözümün qarşısında canlanır. Sonradan bu ərazi əsirlərin dəyişildiyi yer kimi yaddaşımızda qaldı. Bununla bağlı yazsam, gərək “Çalınmayan Son zəng” yaddan çıxa. Bu haqda sonra...
Əsgəranın mərkəzi yolu ilə irəlilədikcə, atamla bu yoldan keçdiyimiz günləri xatırlayıram. Ermənilər daş ilə maşınların şüşələrini qıranda, atam həm avtomobili idarə edər, həm də məni daşdan və qırılmış şüşələrdən qorumağa çalışardı. O zaman mən elə bilirdim ki, atam nə ermənilərdən, nə də bizə xəsarət yetirmək üçün atılan daşlardan qorxmurdu. Ancaq dəqiq bilirdim ki, mənim xəsarət ala biləcəyimdən çox qorxurdu...
Əsgəran qalasına çatırıq. Avtomobili saxlayıb, Xocalıya doğru addımlayıram. Hər yeri gəzmək istəyirəm, ancaq Xocalıya tez çatmaq qədər deyil. Sanki, birdən nə isə baş verə bilər və bizi geriyə qaytararlar fikri məni sakit buraxmır. İtkin düşən əmimoğlu Tahirin oğlu Rəşad da mənimlə Xocalıya gedir. Ən böyük arzularımdan idi ki, bacım qızı Kəmalə və əmim nəvəsi Rəşadla Xocalıya birlikdə gedək. Çünki bacım Nərminənin məzarı Xocalıdadır, əmimoğlu Tahir isə hələ də itkindir. Bununla onların ruhunu şad edə biləcəyimi düşünürdüm. Əgər möcüzə nəticəsində Tahir qayıdarsa qürrələnim ki, mən Xocalıya Rəşadla birlikdə getdim. Xoşbəxtlikdən Rəşadla birlikdə Xocalıda Kəmalə ilə görüşmək nəsibimiz oldu...
Əsgəran qalasında şəkil çəkdirdib, Xocalıya yola düşürük. Xocalıda bizi bacıoğlu Azər və əminəvəsi Sadiq və əmioğlu Xaliq qarşılayırlar. Həmişə gördüyüm adamlar mənə daha doğma gəlirlər. Hər birini bağrıma basıram, sanki illərdi görmürmüşəm kimi. Onlardan ayrılıb, evimizə yollanırıq.
Yolun sağında köhnə məzar daşları görünməsə buranın məzarlıq olduğunu bilmək olmaz. Bütün məzarlar dağıdılıb, bəziləri tamamilə yox olub. İnsanlar doğmalarının məzarını tapmaqda çətinlik çəkirlər, müəyyən olunan məzarların sayı çox azdır. Bunu məzarların üzərinə qoyulan güllərə əsasən müəyyən etmək olur.
Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə tanınmaz hala salınıb. Yalnız yeri və böyük ağ mərmərdən başqa heç nə qalmayıb...
Kəndə daxil oluruq. Yanımda yoldaşların olduğunu nəzərə alıb, toxtaq olmağa çalışıram. Artıq məhləmizlə irəliləyirik. Həm tez çatmaq istəyirəm, həm də gec. Qonşuların evləri çox bərbad vəziyyətdədir. Yanımdakı yoldaşlara bələdçilik edirəm. Bu Məhəmməd dayının evidir, bu isə Saday dayının, üz-üzə olan ev Binnət dayıgilin evidir. Nəhayət Əvəz dayının və Məşdi müəllimin evlərinə çatırıq. Darvazamız görünür, nitqim batır. Sözlər boğazımda düyünlənir. Darvazanı görəndə ilk ağlıma gələn anamın bu qapıdan keçməsi, atamın darvazanı açıb maşını həyətə salması düşür. Bir anlıq dünya başıma fırlanır. Yalnız ayağımın altındakı daş parçalarının səsini eşidəndə anlayıram ki, maşından düşmüşəm. Darvazaya toxunanda bir anlıq sanki anamın əlinə toxunduğumu, nəfəsini duyduğumu hiss edirəm. Sanki mənə kişi ağlamaz, deyəcəyini düşünürəm. Həmin an atamın boynuma sarılaraq, gülüb, məni qarşılaması keçdi ürəyimdən... Yalnız istədim, gerisi yoxdur... Tədbirin başlayacağını nəzərə alıb, əmioğlu Tahirin evini ziyarətə yollanırıq. Eyni mənzərə və eyni hisslər. Mən orta məktəbi Laçında oxuduğuma görə Tahirgildə çox az olmuşam. Ancaq divarlar, evin forması yadımdadır. Bu evin tikilməsində atamın da xidməti olub. Tahir sakit təbiətli, mehriban insan idi. İndi oğlu Rəşadı müşahidə etdikcə, Tahir gözümün önündə canlanır...
Çətin olsa da ziyarətimizi dayandırıb, tədbirin keçiriləcəyi məkana yollanırıq.
Çalınmamış Son Zəng...
Xocalı şəhəri müasir standartlara uyğun olaraq çox gözəl üslubda qurulur. Az zaman içində böyük işlər görülüb. Bir-birindən gözəl evlər, parklar, məktəb binası göz oxşayır. Tədbirin rəsmi hissəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xocalılara mənzillərin açarlarını təqdim etdiyi parkda, məhşur qoz ağacının kölgəsində keçirilməsi nəzərdə tutulub. Ətrafdan keçən insanların gülümsəyərək, mehribanlıqla salam vermədən keçməməsi, diqqətimi çəkir. Axı Xocalıda tanıdın, tanımadın salam vermədən keçmək olmazdı. Hətta yaşlı nəslin nümayəndələri buna görə səni tənbeh edə bilərdilər....
1992-ci ildə Xocalı Soyqırımına görə “Son zəng”i qeyd edə bilməyən 10-cu sinifin 20-ə yaxın şagirdi və müəllimləri Səidə müəllimə, Məryəm müəllimə və Nərgiz müəllimə tədbirdə iştirak edirlər. Tədbir Şəhidlər xiyabanını ziyarət etməklə başladı, məzarların üzərinə qərənfillər qoyub, dua etdikdən sonra tədbir iştirakçıları Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxdılar. Bu həmin ərazidir ki, Xocalı camaatı soyuq qış günündə çaydan keçərək Ağdama getməyə çalışmışdılar. Əslində çox az bir hissəsi mənzil başına çata bilmişdi...
Daha sonra mərkəzi parkda tədbirin rəsmi hissəsi davam etdi.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının himni səsləndi. Aparıcı Ayna Allahyarqızı tədbiri açıq elan edib, sözü Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizovaya verdi.
Ceyran xanım iştirakçıları salamlayıb, tədbirin təşkilində xidməti olan dövlət qurumlarına, xüsusən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür etdikdən sonra bildirdi ki, tədbirin keçirilməsində məqsəd 1992-ci ildə Xocalı Soyqırımının baş verməsi səbəbindən məzun ola bilməyən, “Son zəng”i çalmaq nəsibi olmayan uşaqların arzularını reallaşdırmaqdan ibarətdir. Bu “Son zəng”lə doğma Xocalımızın həyatına rəng qatmaq, canlandırma gətirmək istəyirik, deyə bildirdi.
Tədbirin aparıcısı Ayna Allahyarqızı da həmin sinifin məzunu olaraq fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: “Bu gün bizim üçün sevindirici olduğu qədər kədərlidir. Çünki bizim sinifin uşaqlarından dörd nəfər şəhid olub. Hər bir şagirdin arzusudur ki, məktəbdən məzun olub “Son zəng”i qeyd etsin. Ancaq bu bizim sinifin uşaqlarına qismət olmadı, arzumuz ürəyimizdə qaldı. Məhz bu səbəbdən biz bu gün çalınmayan “Son zəng”imizi səsləndirərək, Xocalıda həyatın davam etdiyini dünyaya nümayiş etdiririk.
Daha sonra söz məktəbin müəllimlərinə və tədbirdə iştirak edən rəsmilərə verildi. Müəllimlərdən Nərgiz müəllim, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev və Prezidentin Xocalı rayonu üzrə Nümayəndəliyinin əməkdaşı Zöhrab İsayev, Xocalı şəhər İcra Nümayəndəsi Tacir Əzizov və “Xocalının Səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu çıxış etdilər.
P.S. Xocalıda gördüklərim onu deməyə əsas verir ki, Azərbaycan çox qüdrətli dövlətdir və bölgədə söz sahibidir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir böyük layihə reallaşa bilməz.
Var olsun dövlətimiz!
Var olsun ordumuz və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev!
Allah Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı nəsib eləsin!
Tədbir boyu bizimlə birlikdə olan, tədbirin keçirilməsinə dəstəyə olan Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Xüsusi Nümayəndəliyinin Xocalı rayonu üzrə əməkdaşları Elşən Mehrəliyevə və Vüsal Həsənova xüsusi təşəkkür edirik
Hacılı Mübariz Qənahət oğlu.
20 iyun 2024.