Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibədə Azərbaycanın təcavüzə məruz qalmasına baxmayaraq, dövlətimiz uzun illər müharibənin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşdur. Azərbaycan haqlı tərəf olaraq mənfur ermənilər tərəfindən işğal olunmuş torpaqlarını, qan tökülmədən, sülh yolu ilə geri qaytarıb ərazi bütövlüyünü bərpa etmək istəməsinə baxmayaraq hər zaman ermənipərəst dövlətlər tərəfindən təzyiqlərə məruz qalmışdır. Bəzi ermənipərəst dövlətlər Ermənistanı günahsız dövlət kimi qələmə verməyə. sanki bütün günahlar Azərbaycandadır kimi davranmağa çalışmışdılar. Məhz bu səbəbdən 30 il ərzində torpaqlarımızın işğaldan azad olunmasına maneələr yaranmışdır.
Artıq 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və onun yaratdığı Müzəffər Azərbaycan Ordusunun sayəsində torpaqlarımız mənfur düşmənlərdən azad olundu. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı bir -birinin ardınca azad olunan şəhər və kəndlərimiz və tez bir zamanda həmin ərazilərdə abadlıq -quruculuq işlərinə başlanılması tezliklə Qarabağımızın bütünlüklə azad olunacağından, orada bəyatın yenidən qaynayacağından xəbər verirdi. Lakin o zaman yarım qalmış “Böyük Qələbə" sevincinin nöqtəsi 2023-cü ilin sentyabrında Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və işğalda olan digər kəndlərin düşmənlərdən azad olunması, o yerlərdə üçrəngli bayrağımızın yenidən qürurla dalğalanması ilə qoyuldu.
Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmiş dövlətdir. Artıq azad olunmuş şəhər və rayonlarımızda yaşayış üçün hər bir şəraitin yaradılması, evlərin yenidən tikilib daimi sakinlərinə verilməsi, artıq Zəngilan, Laçın, Füzuli rayonlarının əhalisininin mərhələli şəkildə öz doğma yurdlarına qaytarılması hər bir məcburi köçkün üçün qürurverici bir haldır.
2023-cü il dekabrın 31- də ölkə başçısı İlham Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edərkən 2024-cü ildə Xankəndi, Xocalı, Kərkicahan, Malıbəyli və Turşu sakinlərinin öz doğma yurdlarına köçürüləcəyi xəbərini xalqa çatdırdı. Yeni ildə bu sevincli xəbəri eşitmək həmin şəhər və kəndlərin sakinləri üçün ikiqat bayram oldu. Artıq Xankəndi və Xocalı əhalisi köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Ali Baş Komandanın bu xoş müjdəsi məcburi köçkünlərdə bir daha inam və güvən yaratdı. 30 ildən artıq vətən həsrəti çəkmiş bu şəhər və kəndlərin sakinləri üçün Yeni ildə belə bir şad xəbəri eşitməkdən böyük mükafat ola bilməzdi.
Allah bu qürurlu günü bizə yaşadan bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Yaşasın Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və onun yaratdığı Qüdrətli Azərbaycan Ordusu!
Vəsilə Quliyeva,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi