Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yaz vədəsi Zəngilanda

5/5

  • Zəngilana yaxınlaşdıqca, doğma yurdun hənirini aldıqca əmilərim Şahmar, Şakir, əmioğullarım Rəmzi və Ziyanın həyəcanları daha da artırdı. Baxmayaraq ki, onilliklər boyu ümidlə özlərini, ürəklərini bu görüşə hazırlamışdılar, amma nədənsə o məqama yaxınlaşdıqca üz-gözlərində sevincqarışıq bir təlaşın da peyda olduğu aydın sezilirdi. Zarafat deyildi, düz 31 ildən sonra bu yerlərə yenidən ayaq basmaları onlara yuxu kimi gəlirdi... Amma bütün bunlar gerçək idi, səhərin alatoranından ağını tutduğumuz bu yol addım-addım bizi Vətənə, Zəngilana, Qıraq Müşlana yaxınlaşdırırdı.
    Budur artıq Yazı düzündəydik, qəfil Şakir əmim mənə dedi ki, “maşını saxla!”. Düşüb kürəyini maşına söykədi, sanki yıxılmamaq, toxtamaq üçün etdi bunu. Zəngilana sarı baxıb dərindən, ürəkdolusu bir nəfəs aldı və “qardaşoğlu, indi biz Zəngilandayıq?!”, - deyərək boynumu qucaqlayıb qəhərləndi...
    O an gülümsədim, amma eyni anda həm də elə bil ox sancılmış kimi ürəyim sancdı... Onilliklər ərzində məcburi köçkün kimi yaşadığımız çətin, həsrətli, nisgilli ömür yolumuz kino lenti kimi yaddaşımda vərəqləndi, indi seyr etdiyimiz doğma yurdumuzun viranə halına, əksər doğmalarımızın bu torpaqları dünya gözü ilə bir daha görməmələrinə görə mən də göz yaşlarına boğuldum...
    O gün “ömür kitabı”ma yeni bir səhifə yazıldı
    2020-ci ilin 20 oktyabrında bütün zəngilanlılar kimi biz də doğma Zəngilanımızın azadlığının xoşbəxtliyini yaşamışdıq. Həmin an çox arzu, niyyətlər etmiş, ata yurdumuzu ziyarət edərək o sevinc dolu anları bir də doğma Zəngilana ayaq basaraq yaşamağı diləmişdik.
    Həmin arzulardan daha biri bu günlərdə reallaşdı. Əmilərim və əmioğullarımla birgə doğma yurda, kəndimizə səfər etdik.
    Deyirlər hər ötən gün “Ömür” adlı kitabımıza yeni bir səhifə kimi yazılır. Heç düşünməzdim ki, 2024-cü ilin 27 aprel tarixi yaddaşımıza həm kədərli, həm də qürur dolu anların yaşandığı tarix kimi yazılacaq... Bir günün içində illərin həsrətinə, nisgilinə az da olsa son qoyulacaq...
    Bəli, 31 ildən sonra doğma torpağa yenidən ayaq basmaq, eyni anda həm sevinc, həm də qəmə büründüyün bir anı yaşamaq, nə edəcəklərini bilməyən, yerindəcə quruyub qalan, əlləri bellərində, qoyunlarında çarpazlaşmış halda ətrafa tamaşa edə-edə - “biz nələr yaşamışıq, İlahi?”, - deyə bu illər ərzində nələri itirdiyimizin ağrı-acısına bürünən insanları kənardan seyr etmək o qədər çətin idi ki...
    Bir vaxtlar bu torpaqlarda uşaqlıq çağlarını, gənclik dövrlərini yaşamış bu insanların indi nə fikirləşdiklərini, illər sonra hansı hisslər keçirdiyini anlamağa çalışırdım. Kənardan hər şey adi görünsə də üzlərinə baxanda hərəkət belə edə biləcək durumda olmayacaqlarını görmək elə də çətin deyildi...
    Maşını bir kənarda saxlayıb, ömrün qocalıq vədəsində yurdlarına körpə uşaq sevinci ilə qədəm qoyan əmilərimin qoluna girərək yavaş-yavaş kəndə doğru irəliləməyə başladım...
    Baş çəkdiyimiz ilk müqəddəs məkan
    Baş çəkdiyimiz ilk ünvan doğma torpağa ayaq basmağın sevincini bizlərə yaşadan igid oğullarımızın uyuduğu məkan, Şəhidlər Xiyabanı oldu. Əmilərim 1990-cı illərin əvvəllərində burada həyata keçirilən şəhidlərin dəfn mərasimindən danışır, danışdıqca da gözləri dolurdu. Özümüzlə kəndimizin ilk şəhidlərindən olan qohumumuz Qaytaran Abbasovun şəklini də götürmüşdük. Fotonu başdaşı lövhəsinə bənd edib şəhidlərimizin ruhuna dualar oxuyub, kəndimizə, Qıraq Müşlana doğru yollandıq.
    Zəngilan işğal olunmazdan əvvəl Qıraq Müşlana gələn hər kəs ilk olaraq qəbiristanlığı ziyarət edərdi. Bu dəfəki gedişimizdə isə oranı tam fərqli ovqatda, qəzəbqarışıq kədərlə ziyarət etdik. İşğal dövründə vandal ermənilər hər yerdə olduğu kimi, qəbiristanlıqda da daşı daş üstündə qoymayıblar. Qəbiristanlığa keçməyə cəhd eləsək də, alaq otlarının sıx və hündür olması səbəbindən bu mümkün olmadı. Həm də təhlükəsizlik baxımından qəbiristanlığa girmədik.
    Buradan kəndə üz tutduq.
    Viranə qalmış kəndin içi ilə irəlilədikcə əmilərim yolboyu qarşımıza çıxan və yalnız quruca divarları qalmış evlərin kimlərə məxsus olduğunu sadalayırdılar. Ötən günlərlə bağlı bir-birinə calanan xatirləri yada düşdükcə qəhərə boğulurdular. Eyni zamanda bu yerləri yenidən görmək onlara bir mənəvi rahatlıq da verirdi...
    Gəlib kəndin mərkəzinə çatanda, “O vaxtlar hər gün bura yığışardıq. Kəndin ağsaqqalları bir, cavanları bir, uşaqları da bir tərəfə. İndi hər yer xarabalıqdı”, - deyərək Şahmar əmim keçmişin xoş xatirələrini yenə yada saldı.
    Bu dəfə atamsız yığışdıq süfrə başına...
    Buradan o yana maşından düşüb, piyada davam edirik yolumuza...
    Əmilərim əmioğullarım, düz 31 il həsrətində olduqları bu yolda bir dəfə yürüməyə illər boyu qurban deyiblər, ən böyük arzu-dilək kimi yaşadıblar içlərində...
    Qıraq Müşlan üçün illərlə ağlayan bu insanlar indi işğalın dəhşətini və vəhşətini öz gözləri ilə görüb yeri-göyü inlədən nalə çəkirlər...
    Babamgilin məhləsinə çatırıq. Alaq otları, demək olar ki, bütün kəndi basıb. Hər yer sarı çiçəkli otlara bürünüb. Ona görə həyətə girmək çox çətin idi. Otları təmizləyərək birtərəh həyətə keçə bildik. Əmimgil evin otaqlarını gəzə-gəzə keçən xoş günlərindən danışırdılar. Bu evdə böyümüş əmilərimin hərəsinin öz şirin xatirələri var idi...
    Daha sonra biz bir vaxtlar evin aynabəndi olmuş yerində durub həyətə baxır, kəndə göz gəzdirirdik. O an əmilərimin gözlərində uzaq keçmişin xoş xatirələrini, yaxın keçmişin isə acı günlərini sezmək çətin deyildi...
    Artıq gün günortaya yetmiş, nahar vaxtı çatmışdı. Ətrafda olan taxta parçaları və daşlarla aynabənddə özümüzə “stol” düzəltdik, üzərinə süfrə açıb gətirdiyimiz yeməkləri düzdük. Bu, illər sonra viranə qalmış ata ocağımızda əmilərimlə açılan ilk süfrə idi. Əmilərim yemək yedikcə tikələr düyünlənib boğazlarında qalır, danışmaqda çətinlik çəkirdilər. Axı, bu süfrə əvvəlkilərə bənzəmirdi. İndi əmilərim qardaşsız, mən isə atamsız əyləşmişdik süfrə ətrafına...
    Atam Rəfael Abbasovun yerini, yoxluğunu bu gün bir daha ürək ağrısı ilə hiss etmişdik. Ancaq tək təsəllimiz Onun ruhunun şad olması, əzizlərimizlə birgə doğma yurda ayaq basmağımız idi. Əmilərim gah ağlayır, gah da bu günə şükr edib, şəhidlərimizə rəhmət oxuyurdular. Uzun illərin ağırlığını sanki bir gündə çiyinlərindən atmağa çalışırdılar.
    Əmim Şahmar Abbasov bu səfərə vəsilə olanlara, şərait yaradanlara minnətdarlıq edərək, bu ziyarətin işğaldan azad edilmiş yurdlardan hazırlanan silsilə reportajların bir parçası olmasının isə ona xüsusi sevinc gətirdiyini dedi: “Demək, bu ziyarət həm də tarixə çevriləcək. Bu səfəri bütün dünyadan köçən və köçməyən doğmalarımın, qohum-əqrəbamın, sayı azalan qardaşlarım və bacılarımın hamısının əvəzinə edirəm. Köçkünlük həyatı çətindir, zülmdür. Bu illər ərzində “qaçqın” sözünü bəzən rişxənd, bəzən məzəmmət kimi eşitdik. Sarsıldıq da, təkləndik də...
    2020-ci ilin 20 oktyabrında Zəngilanın azad olunduğunu eşidəndə hönkür-hönkür ağladım. Bilirsiniz, bu sözü illər boyu necə gözləmişdim?.. Artıq köçkün deyildim. Bütün həyatım boyu eşitdiyim ən gözəl xəbər idi bu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərmizə cansağlığı versin...”
    “Bilirdim ki, doğulduğum evdən heç nə qalmayıb. Özümü illərlə bu dəhşəti görməyə hazırlamışdım. Amma o böyüklükdə mülkün yerində viranə qalmış divar qalıqlarını görəndə yenə də şoka düşdüm. Bu qədər də vəhşilik olmaz axı. O genişlikdə bağımızda bir ağac demirəm, heç olmasa bir kötüyə də rast gəlməmək çox ağırdır. Amma bunların heç biri indi gözümdə deyil. Əvvəlkindən də yaxşı tikəcəyik, əvvəlkindən də böyük bağlar salacağıq. Əsas odur ki, doğulduğum evdəyəm, Qıraq Müşlandayam, Zəngilanımdayam. Bu yolda canını qurban etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin, Ali Baş Komandanımızın canı sağ olsun”, - deyir əmim Şakir Abbasov.
    Tezliklə qoynuna dönəcəyik, yurdum
    Babamgilin evindən çıxıb oxuduğumuz məktəbə gedirik. Uçurulmuş sinif otaqlarını gəzdikcə o illərə yenidən dönürük. Sınıq-salxaq partaların arxasında oturub bir anlıq o günləri xatırlayır gah gülür, gah da kövrəlirik. Sinif yoldaşlarımızı, müəllimlərimizi yada salırıq...
    Sonra əmioğlu Ziyagilin evini ziyarət edirik. Bütün kənddə olduğu kimi burada da eyni mənzərə - viran qalmış həyət-baca, dağıdılmış ev. Ziyanı kənardan seyr edirəm. O, uçuq bir divarın üstündə oturub illər əvvəlki 9 yaşlı uşağın yaddaşında qalanları xatırlamağa çalışır. Telefonda atası ilə ağlaya-ağlaya danışır… Yaxınlaşıb təsəlli verməyə çalışıram. Əlini çiynimə qoyub “Hər şey yaxşıdı əmioğlu”, - deyib, göz yaşlarını silir...
    Buradan ayrılıb Rəmzinin böyüdüyü evə gəlirik. Alaq otlarından burada da həyətə girmək mümkün deyil. Adamboyu qalxmış otların arasından ikimərtəbəli evin uçmuş divarlarının qalıqları görsənir. Rəmzi deyir ki, işğaldan az əvvəl evlərində təmir işləri görübmüşlər, şəraitləri daha da yaxşılaşıbmış. Ancaq çox yaşamaq qismətləri olmayıb: “Həyətimizdə özümüz üçün düzəltdiyimiz meydançada hər gün futbol oynamağımız, çərşənbələrdə evimizin yanında olan dərənin başında yandırdığımız bayram tonqalı və məktəbimiz yaddaşımdan çıxmır. Hər dəfə bunları düşünəndə mənfur düşmənlərin nələri əlimizdən aldıqları ilə bağlı qəzəbli hisslər ürəyimi parçalayır. Deyirəm, kaş yenə də o günlərə qayıda biləydik. Hamımız bir yerdə olaydıq, bütün qohumlarımız, sinif yoldaşlarımız, müəllimlərimiz...”
    Ancaq keçmişi geriyə qaytarmağın mümkünsüzülüyünü də bildiyindən sözləri ağzında qırılıb qalır Rəmzinin. Əl işarəsi ilə “eh” deyirmiş kimi, gözündən axan yaşı silir…
    ... Budur, Qıraq Müşlanı tərk edirik. Maşında qəribə bir sükut var. Heç kim danışmır... Bu qəhərlənmiş insanların üzündə qüruru, məğrurluğu, məmnunluğu, rahatlığı aydın şəkildə seyr edirəm... Əzizlərimi, doğmalarımı, ailə üzvlərimi, elə özümü, sözün düzü, heç vaxt belə ovqatda görməmişəm.
    Zəngilanda keçirdiyimiz bu 5-6 saat içində 31 ilin dərd yükündən, hüznündən, əzabından xilas olduq sanki...
    Və birdən anlayıram: bu, dirilişdir!..
    Kökünə, şəcərəsinə, özünə qayıdan insanların yenidən dirilişi, doğuluşudur!..
    Maşın qıvrıla-qıvrıla uzanan yolla yavaş-yavaş gedir, talan edilən kənd, dağıdılmış qəbiristanlıq arxada qalır...
    Qarşıda inkişafın, quruculuğun gözəl nümunələri olan kəndlər, qəsəbələr, şəhərlər gəlir. Əminik ki, Zəngilan da, Qıraq Müşlan da tezliklə bu incilərin ən parlağına çevriləcək... Yaxşı bilirik ki, Zəngilanı azad edən, Qıraq Müşlanı bizə qaytaran, dualarımızın və alqışlarımızın baş ünvanı olan müzəffər ali iradə bunu da edəcək...
    Doğma Qarabağımıza, Şuşamıza, Xankəndimizə, eləcə də digər torpaqlarımıza üçrəngli bayrağımızı sancan igid oğullarımızın, canını bu yolda fəda edən şəhdlərimizin ruhu qarşısında baş əyirik. Bizlər doğma ata yurdumuza qayıdaq deyə sağlamlığını itirən qazilərimizə minnətdarıq. Zəngilanlılar, eləcə də doğma el-obasına qayıdan digər soydaşlarımız Müzəffər Ali Baş Komandanla hər zaman qürur duyur. Bizlər illər öncə olduğu kimi, bu gün də dəmir yumuruqlu Sərkərdəmizin yanındayıq, ətrafında birləşmişik.
    Tezliklə qoynuna dönəcəyik, Zəngilanım, Qıraq Müşlanım, ata yurdum…
    Dönməz ABBASOV,
    Bakı-Zəngilan-Bakı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib56 dəfə
    Yaz vədəsi Zəngilanda

    Maraqlı gələ bilər
    353
    52
    55