Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi strategiya Azərbaycanın parlaq qələbəsini təmin etdi

0

  • İstər Sovetlər dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin müəyyənləşdirdyi müdrik siyasət nəticəsində Azərbaycanda bütün sahələrin dinamik inkişafı uğurla təmin olunmuş və hal-hazırda ölkəmiz inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanır. 1992-ci ilin 21noyabrında təsis olunan Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində göstərilən müddəaların mərhələli şəkildə həyata keçirilməsi ölkəmizi xaos, anarxiyadan uzaqlaşdıraraq müasir səviyyəyə gətirib çıxardı. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Son illər ölkəmizin bütün sahələrində aparılan məqsədyönlü islahatlar həm də siyasi partiyaların fəaliyyəti sahəsində aparılıb. Bu mənada Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır.

    Ölkəmizdə Heydər Əliyev siyasətinin bərqərar olması, İlham Əliyev cənablarının 2003-cü ildən siyasi hakimiyyətə gəlməsindən sonra bu siyasətin yeni məcraya qədəm qoyması ilə bütün sahələrin inkişafını təmin edən uzaqgörən, məqsədyönlü islahatlar kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən biridir. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar kursu müasir çağırışları, milli maraqları və ictimai-siyasi münasibətləri özündə ehtiva etməklə kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini mümkün edən amillərdəndir. Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət Başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan kadr, struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini-milli hədəfləri reallaşdırmasını təmin edir.

    Çoxşaxəli islahatlardan bəhs edərkən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İslahatlar nəticəsində yeni siyasi strukturun formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən addımların atılması Azərbaycanda mühüm prioritetlərin reallaşdırılmasına, milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir.

    2003-cü ildən Azərbaycanda siyasi hakimiyyətə gələn Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra ölkəmizin qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın-layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmiz inkişaf etmiş dövlətlər cərgəsində qərarlaşmışdır.

    İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasət ölkəmizdəki bütün siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradır. Artıq Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları arasında ölkəmizin inkişafı naminə qarşılıqlı əməkdaşlıq və həmrəylik şəraitində fəaliyyət mövcuddur. Vətən müharibəsi zamanı bu həmrəyliyin, qarşılıqlı əməkdaşlığın sayəsində Azərbaycan tarixi qələbəni əldə etdi.

    5 mart 2022-ci il tarixdə keçirilən VII qurultayda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Yeni Nizamnamənin qəbulu dünyada müasir çağırışların bərqərar olduğu dövrdə Azərbaycanın sürətli, dinamik inkişafını təmin edəcəkdir.

    Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, Azərbaycanın 6 siyasi partiyasının Yeni Azərbaycan Partiyasına qoşulması bu partiyanın yüksək nüfuzunun, ona böyük etimad və inamın olmasının bariz təzahürüdür.

    VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyəti ilə bərabər Yeni Azərbaycan Partiyası sədrinin müavini təyin olunması ilə partiyada aparılan işlər daha da mütəşəkkil xarakter almışdır. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

    Yeni Azərbaycan Partiyasının son qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsidir. Partiyada təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır. Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən zaman müddətində təşkilatlanma, kadr və struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub.

    Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın strukturu, təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmışdır. Partiyada təşkilatlanma işi daha çevik və müasir tələblərə uyğun qurulmuşdur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə siyasi-ideoloji istiqamətdə bir sıra tədbirlər təşkil olunur. Bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edir. İnkişaf etmiş demokratik ölkələr üçün nümunə olan Yeni Azərbaycan Partiyası ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verir. Belə ki, artıq Yeni Azərbaycan Partiyası əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyaya çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası artıq yeni mərhələdə öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verir və gələcəkdə də verəcəkdir. Çünki bu partiya Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında birləşməklə yaradılmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək - ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək! Heydər Əliyev siyasi yolu, müdrik, uzaqgörən, dahi siyasətçi İlham Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın uzunmüddətli xoş gələcəyinin ən böyük qarantıdır. Bu strategiya, bu siyasi yol ölkəmizin ərazi bütövlüyünü, Azərbaycanın parlaq qələbəsini təmin etdi.

    Nəcəf HƏSƏNOV,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib88 dəfə
    aze

    Maraqlı gələ bilər
    40
    45
    48