Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
YOLUMUZ QARABAĞADIR

0

  • Unutmaq olarmı sizi, şəhidlər?!

    Axşamdan yır-yığış edib yola hazırlaşanda çox sakit idim. Hətta bu sakit halıma təəccüb də etdim. Axı uzun illərdir ki, Qarabağın, Şuşanın həsrəti ilə yaşayan bir insan vüsala yetmək ərəfəsində necə sakit ola bilər?! Amma bu sakitlik fırtına öncəsi dənizin sakitliyi kimi imiş. Suların coşub-cağlaması, ləpələrin şahə qalxması fırtına anında başladığı kimi duyğularımın, həyəcanımın tügyanı Bərdəni keçib Tərtər-Ağdam bölgəsinə qədəm qoyarkən viranə qalmış kəndləri, ucu-bucağı bilinməyən xarabalıqları gördüyüm andan başladı.
    Dağıdılmış evlərin miskin görünüşü, çöllərin dəhşətli sükunəti, rəngini şəhid qanından almış qırmızı meyvəli nar kollarının tənhalığı, başlı-başına qalmış hasarsız-çəpərsiz həyətlər insanın qəlbini korşalmış bıçaq kimi qazıyırdı. Tərtərdəki bir vaxtlar erməni hərbçilərinə məxsus olmuş döyüş mövqelərini, kilometrlərlə uzanan səngərləri, mərmilərin ovduğu dərin çalaları seyr etmək acılı bir təəssüf doğururdu. Buradakı sakitliyin özü belə insanın canına üşütmə salır, qəlbini qorxu və həyəcan qarışıq duyğulara qərq edirdi. İnanmaq olmurdu ki, məhz bu yerlər ən qaynar döyüş bölgəsi, ən qanlı-qadalı təmas xətlərindən biri olub. Nə qədər qanlar tökülüb, nə qədər ömürlər yarımçıq qalıb bu yerlərdə. Buradan atılan güllələr neçə şəhid qanına bais olub, neçə anaları ağlar qoyub, neçə ürəklərə dağ çəkib...
    Yolun kənarındakı şəhid qəbiristanlığı olub-keçənlərin bir nişanəsi, insanı illər əvvələ qaytaran və heç vaxt sağalmayacaq bir könül yarası idi. Girişinə "Ağdam Şəhidlər xiyabanı" yazılan bu məzarıstana qəsdən Şəhidlər xiyabanı demək istəmirəm. Çünki xiyaban dedikdə ağlımıza ilk gələn nizamlı şəkildə sıralanmış baxımlı, mərmər daşlarla hörülmüş şəhid qəbirləri düşür. Burada isə torpaq məzarların üstünə sadəcə bayraq sərilmişdi. Burada hər şey o qədər təbii, o qədər sadə idi ki, sanki bütün olanlar 30-35 il əvvəl deyil, dünən baş vermişdi. Qəbirləri saran üçrəngli bayraqlar üstünə sərildikləri qəhrəman oğulları küləkdən-yağışdan, istidən-soyuqdan qorumağa çalışırdı. "Siz bizi qorumağa çalışdınız, bizim uğrumuzda canınızı fəda etdiniz. İndi də biz sizi qoruyacağıq. Rahat yatın, şəhid oğullar" – deyirdilər bu üçrəngli bayraqlar. Ətraf yaşayış yerlərindən, Əsgərandan, Xocalıdan qaçıb son nəfəsini burada verən məsum körpələrin, günahsız insanların torpaq məzarları düşmən əlinə keçməkdənsə, bu torpağın qoynunda uyumağın da bir xoşbəxtlik olduğunu diqtə edirdi.

    Ağdam yenidən dünyaya gəlir

    Şəhid olduqdan sonra əsir götürülən yaşayış məkanlarımızdan biri də Ağdamdır. Bu qədim şəhərin xarabalıqlarını görəndə başa düşürsən ki, şəhid olmaq təkcə insanların taleyinə yazılmayıb, şəhidlik həm də başıbəlalı yurd yerlərimizin bəxtinə düşən qismət imiş. Ağdam kimi yüzlərlə kənd və qəsəbələrimiz, neçə-neçə şəhərlərimiz yenidən qurulacaq, tikiləcək. Yeni doğulan körpə kimi gündən-günə böyüyəcək, inkişaf edəcək. Eynən atasının üzünü görmədən dünyaya gələn balalara şəhid atalarının adı verildiyi kimi. Böyüyüb ondan da yaraşıqlı, ondan da boylu-buxunlu bir igid olacaq. Amma təəssüf ki, adlarını daşısalar da, lap görünüşcə oxşasalar da, o olmayacaq.
    Qəribədir ki, insan ən kədərli anında belə qəfil təpki ilə gülümsəyə bilir. Ağdam şəhərinin xarabalıqları arasından duaya qalxmış bir cüt əl kimi ucalan qoşa minarələr insanın qəlbinə kədərli duyğuları perik salan xoş bir ovqat bəxş edir. Kim bilir, bəlkə də bu qoşa minarələrin qəbul olunmuş duası idi ki, 30 ildən çox düşmən tapdağında inləyə-inləyə xarabazara çevrilən Ağdam Vətən oğullarının qanı-canı bahasına azadlığına qovuşdu və indi nəhəng bir tikinti meydanını xatırladır.

    Tarixlərə sinə gərən Əsgəran qalası

    Əsgəran qəsəbəsi 1992-ci il Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azadlığına qovuşub. Bu diyarın adını dillərdə dastana çevirən həm də tarixlərə sinə gərən Əsgəran qalasıdır. Qarabağ xanlığının şərq qapısı hesab edilən qala Şuşanın 24, Xocalının 5, Ağdam şəhərinin 12 km-də, Qarqar cayının sağ və sol sahillərində, dağların əhatəsində yerləşir. Əzəmətini və möhtəşəmliyini hələ də qoruyub saxlayan qala 18-ci əsrin abidəsi hesab olunur və tarixi faktlara əsasən 1751-ci ildə inşa edildiyi güman edilir. Bu tarix isə Pənahəli xanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Divarlarının qalınlığı 2 metr, hündürlüyü 9 metr olan qala Qarabağın yadellilərin basqınından müdafiə olunması üçün inşa edilib. Qalanın kimin tərəfindən tikilməsi bu günə qədər də mübahisələrə səbəb olan məsələlərdəndir. Kimi Pənahəli xanın, kimi Mehrəli xanın, kimi də İbrahimxəlil xanın dövründə tikildiyini deyir. Lakin həqiqət odur ki, qala Qarabağ xanlarının Şuşanı daha etibarlı şəkildə düşməndən qoruması üçün inşa edilib.
    Qala haqqında müxtəlif rəvayətlər, əfsanələr dolaşmaqdadır. Deyilənlərə görə Əsgəran qalasını daha dözümlü və müdafiə sistemini daha güclü şəkildə inşa etdirmək istəyən Qarabağ xanı bir qrup memarı qiymətli hədiyyələrlə Çinə göndərib. Xanın göndərdiyi hədiyyələri imperatora təqdim edən memarlar ondan Çin səddinin eskizini çəkə bilmələri üçün imkan yaradılmasını xahiş ediblər. Çin imperatoru memarların xahişinə ehtiramla yanaşıb və onların sözünü yerə salmayıb. Bir müddətdən sonra Qarabağa dönən memarlar Çin səddinin eskizlərini xana təqdim ediblər və qalanın inşası üçün icazəsini alıblar. Qala Böyük Çin Səddi üslubunda inşa olunmağa başlayıb.
    Hərbi strateji məqsədlə tikilən Əsgəran qalası əsrlər boyu çox tarixi hadisələrin, qanlı-qadalı müharibələrin şahidi olub. Sinəsini düşmənə sipər edərək Qarabağa olunan basqınların qarşısını mərdliklə alıb. Amma həyat yalnız ağ rəngdən ibarət deyilmiş. Ağı qara, qələbəni məğlubiyyət, yaxşını pis ilə əvəz edən vaxtlar da qaçılmazdır. Neçə əsrdən sonra Əsgəran qalasının da taleyinə qara rəng çiləndi, hər zaman zəfər qazandığı döyüşlərdən bu dəfə məğlubiyyətlə çıxdı. 1992-ci ildə Əsgəran qalası namərd qonşularımız tərəfindən işğal olunmuş torpaqlarımızın siyahısına keçdi. Hər zaman möhtəşəm, qürurlu görünüşü ilə diqqət çəkən qalanı hüzünlü bir səssizlik bürüdü.
    1992-ci ilin qanlı-qadalı fevral ayında Xocalıdan Ağdama pənah aparan dinc sakinləri ermənilər pusquya salaraq Əsgəran qalasının yaxınlığında qətlə yetirirlər və elə oradaca basdırırlar. Bəlkə də neçə əsrlik ömründə ona güvənən sakinlərini düşmənlərdən qoruya bilmədiyi üçün ilk dəfə olaraq xəcalət çəkib Əsgəran qalası.
    Xocalı sakinlərinin qətlində iştirak etməsini etiraf edən Rəşid Qriqoryan istintaq zamanı Əsgəran qalasının yaxınlığında kütləvi məzarlığın olduğunu bildirib. 2024-cü ilin fevral ayında aparılan qazıntı işləri nəticəsində burada həqiqətən də kütləvi məzarlıq aşkar edilib. Bu, Əsgəran qalasının sarsılmaz gücünə inanıb onun qoynunda nicat tapacaqlarına ümid bəsləyən Xocalının dinc sakinlərinin kütləvi məzarlığı idi.
    İşğal dövründə ermənilər bu tarixi abidəni özününküləşdirmək məqsədi ilə qalanın görkəminə ciddi zərər vurublar. Hətta qalanın tarixi adını dəyişməkdən belə çəkinməyiblər və onu dünyaya Mayrabet Askeran qalası kimi təqdim etməyə çalışıblar. Erməni tarixçi Şaqen Mkrtıçyan özünün "Dağlıq Qarabağın tarixi memarlıq nümunələri" kitabında qalanı Mayrabet Askeran kimi göstərir və qalanın bu adı yaxınlıqdakı Mayrabet kəndindən götürdüyünü sübuta yetirməyə çalışır. Qalanın üzərinə vurulmuş ermənicə olan lövhədə isə abidənin Ermənistan dövləti tərəfindən qorunduğu yazılıb. Saxta təəssübkeşlik nümunəsi olan bu lövhə ilə abidənin guya Ermənistana məxsus olduğu bildirilir. Amma şükürlər olsun ki, qala artıq öz həqiqi sahiblərinin ixtiyarındadır.

    Xocalı – sağalmaz
    yaramız

    Sürətlə şütüyən maşının pəncərəsindən yolun kənarındakı "Xocalı" lövhəsini görəndə bir anlığa sanki nitqim qurudu. Sükan arxasında oturmuş oğluma güclə "dayan" deyə bildim. Fikirlər maşın sürətindən daha iti olurmuş. Bircə anın içində fikrimdən nələr keçmədi?! Qulağıma hansı səslər gəlmədi?! Sanki dünən olmüşdü xocalılıların öz qanında boğulduqları. Gözümün qarşısında qarlı düzəngahda Əsgəran qalasına sarı qaçdıqları canlandı, qulaqlarım vahiməli haraylarını eşitdi. Bircə anın içində ağappaq qanın üstündə qocaların, qadınların, uşaqların qıpqırmızı qanları gölləndi. Şəhid ruhların vəhşət saçan baxışları ürəyimə ox kimi sancıldı, qeyri-iradi üşürgüləndim; axı mən onları heç tanımırdım. Tez də səhvimi anladım. Çünki mən onları şəkillərdən, kadrlardan, sağ qalmış canlı şəhidlərin xatirələrindən tanıyırdım. Və 30 ildən çoxdur ki, ürəyimizə daş basıb o şəkilləri, kadrları ağrı-acı ilə seyr edirik. Seyr etdikcə də erməni vandalizminin dünyada analoqu olmayan vəhşiliyini hər birimiz öz canımızda hiss edirik. Yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin, insanlığın əbədi dərdinə, yarasına çevrilmiş Xocalının bir parçası olduğumuzu güman edirik.
    Bəlkə də inanılması mümkün deyil. Amma yol boyu mən o ruhları dünya gözü ilə görə bildim. Ən qəribəsi də bu idi ki, o yaralı ruhlar müdhiş görkəmlərinə, ağrı-acıdan, qorxu və vahimədən hədəqədən çıxmış gözlərinə uyuşmayan şirin bir təbəssümlə gülümsəyirdilər. Gülüşlərindən belə qan damırdı. İnsanın bədənində nə qədər qan olarmış, İlahi?! Yəni, 32 ildir ki, axan bu qan axıb qurtarmadımı?!
    Maşın da sanki bu ruhları incidəcəyindən qorxurmuş kimi yoluna asta-asta davam edirdi. Artıq düşünməyə belə taqətim qalmamışdı. Son nəfəsini verən insan kimi özümü ruhların ixtiyarına vermişdim və onlarla bərabər Ağdama sarı qaçır, kürəyimi dəlik-deşik edən düşmən gülləsinin ağrısını ürəyimdə hiss edirdim.
    Uzaqdan görünən Xocalı aeroportu məni sanki ruhların arasından çəkib çıxardı. Qeyri-iradi bu torpağın mərd oğullarını düşündüm. Xocalı cəngavəri kimi tanınan Əlif Qasımovu, Xocalının "Mixaylo"su Tofiq Hüseynovu, Milli Qəhrəman İnqilab İsmayılovu və neçə-neçə əfsanə igidləri göz önünə gətirdikcə, bir daha əmin oldum ki, "bir ölərik, min dirilərik" kəlamında necə böyük həqiqət var imiş. Sadəcə bu "dirilmə"nin 30 illik bir zaman kəsiyinə ehtiyacı var imiş.
    Xocalı məhz bu igid və qəhrəman oğulların sayəsində 31 il əvvəlki sakit, dinc, firavan həyatına dönüb. Bu gün Xocalı yenidən tikilir, qurulur və sabahının daha bəxtəvər çağlarına doğru inamla addımlayır.
    "2023-cü il sentyabr ayının 19-20-də Xocalı Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı işğaldan azad edilib " məzmunlu rəsmi məlumatın tarixə qovuşmasından isə vur-tut bircə il ötüb. Amma bu bir ildə nə qədər işlər görülüb.

    Salam, Xankəndi!

    Uzaqdan görünən qırmızı kərpicdən hörülmüş el arasında "Nənə-baba heykəli" kimi tanınan "Bizim dağlar" abidəsinin görünməsi Xankəndi şəhərinə qədəm qoyduğumuzu göstərirdi. Ayaq saxladıq. "Bizim dağlar"ın həqiqətən də bizim olduğunu öz gözlərimlə görmək istəyirdim. Amma düzünü deyim ki, bu görüş o qədər də xoş olmadı. Çünki abidənin guya ermənilərə aid olduğunu sübuta yetirmək üçün onun yanında erməni dilində yazılmış saxta bir məlumat lövhəciyi var idi. Erməni saxtakarlığına xidmət edən bu qəbildən olan lövhəciklərin hazırda ifşa edilməsi "Yalan ayaq tutar, yeriməz" – deyən atalarımızın necə müdrik olmasının daha bir təsdiqidir.
    Artıq Xankəndinin küçələri ilə irəliləyirdik. Lakin hər şey mənə bir yuxu kimi görünürdü. Tez-tez qeyri-iradi, doğrudanmı mən Xankəndidəyəm, – deməkdən özümü saxlaya bilmirdim. Oğlum Röyal bir neçə ay burada işləmişdi. Ona görə də şəhəri yaxşı tanıyırdı.
    – Bizi Qarabağ Universitetinə apar, – dedim.
    Yolboyu bir daşı belə tərpənməmiş yaşayış binalarını, insanların rahatlıqla masa arxasında əyləşdikləri kafe və restoranları, uşaqların şən səslərinin yayıldığı parkları, qarşısında Azərbaycan polisinin dayanıb nəzarət etdiyi kilsəni, Azərbaycan dövlət nişanlı sağa-sola şütüyən maşınları, küçələr boyunca qorxu-hürküsüz hərəkət edən qız-gəlinləri, karusellərdə əylənən azyaşlıları seyr etdikcə qürurdan sinəm qabarırdı. "Qarabağ Azərbaycandır!" sözü isə mənə elə gəlir ki, ölkəmizin heç yerində Xankəndidə olduğu kimi möhtəşəm səslənmir. İri hərflərlə hündürmərtəbəli binaların fasadına həkk olunmuş bu kəlam Azərbaycanın məhz bu qədim yaşayış məkanında daha çox yerinə düşür.
    İş günü olmadığı üçün univesitetin qarşısında sakitlik idi. Pilləkənlərlə yuxarı qalxmaq istəyən gənci saxlayıb söhbətə tutmağa çalışdım.
    – Sən Qarabağ Universitetinin tələbəsisən, oğlum?
    – Bəli.
    – Özün haqqında bir az məlumat verə bilərsən?
    – Pərviz Şirinov, Yevlax şəhərindən gəlmişəm. Qarabağ Universitetinə 612 balla qəbul olmuşam. Burada hüquqşünaslıq ixtisası üzrə təhsil alıram. Qarabağ Universitetində təhsil almaq mənim uşaqlıq arzum idi. Çox sevinirəm ki, tibb sahəsindən başqa bütün ixtisasların tədris olunduğu bu universitetin 1200 nəfər tələbəsi sırasında mən də varam. Qarabağda təhsil almaq mənə elə gəlir ki, Qarabağın Azərbaycan olmasını təsdiqləyən səbəblərdən biri, bəlkə də birincisidir. Qarabağ Universitetinin ilk tələbələrindən olmağımla fəxr edirəm.
    Pərvizlə vidalaşıb başqa bir küçəyə üz tutduq. Adı diqqətimi çəkdiyindən "Salam, Xankəndi" kafesində ayaq saxladıq. İçəri keçib ikinci mərtəbədə əyləşdik və açıq eyvandan şəhəri seyr edə-edə samovar çayı içdik. Milli ornamentlərlə, qədim məişət əşyaları ilə özünəməxsus şəkildə bəzədilmiş kafedə əməlli-başlı qələbəlik idi. Səbəbini bilmirəm, amma düzünü deyim ki, bu insan sıxlığı, daha doğrusu bu insanların məhz azərbaycanlı olması qürurlandırdı məni.

    Şuşanın dağları
    dumanlı deyil...

    Bir qədər Xankəndinin, bir qədər də Kərkicahanın küçələrində dolaşdıqdan sonra üz tutduq Şuşaya sarı. Budur, artıq Şuşanın girişi və son yoxlama məntəqəsi. Hərbi polis sənədlərimizi yoxladıqdan sonra nəzakətlə: – Xoş gəlmisiniz! – söylədi və kənara çəkilib maşına yol verdi. Hər şey də bundan sonra başladı; həyəcan, qürur, kədər, təəssüf, nisgil və neçə-neçə ifadə etməkdə çətinlik çəkdiyim qarışıq duyğular.
    Ömrümdə ilk dəfə qanadlarım olmadığına təəssüf etdim. Axı necə addımlayacaqdım hər qarışına şəhid qanı çilənmiş bu torpaqda?! Necə gəzəcəkdim şəhid ruhlarının qürurla dolaşdığı bu müqəddəs məkanı?!
    Bir az irəli getmişdik ki, gözlərimizin qarşısında iri hərflərlə yazılmış "Şuşa" və azadlığına qovuşmuş xarı bülbülün əzəmətli maketi canlandı. Bu anların həqiqət olduğuna inanmağım üçün sadəcə burada gəzişən ziyarətçiləri, onların böyük həvəslə üçrəngli bayrağımızı başları üzərinə qaldıraraq şəkil çəkdirmələrini seyr etmək kifayət idi. Bu insanların arasında şəhid anaları və 44 günlük Vətən müharibəsinin döyüşçüləri də var idi. Düzünü deyim ki, o döyüşçülərdən biri olan oğlum Xəyyamla heç bu qədər fəxr etdiyim olmamışdı.
    Artıq şəhərə daxil olmuşduq.
    – Ziyarətimizi İsa bulağından başlayaq. Həyəcanımızı yalnız İsa bulağının suyu sakitləşdirə bilər, cəsarətləndirər, – dedim.
    İsa bulağı. İsa bulağının sərin havasını udduqdan, qəlbə məlhəm suyunu içdikdən sonra biri-birinə qarışmış hisslərim sanki nizama düşməyə, ən azı ardıcıllığa riayət etməyə başladı. Köksümü yarmağa çalışan ürəyimi sakitləşdirmək üçün bilmirdim vüsal sevincindən gülümmü, yoxsa ömrünün ən qaynar çağında bu torpaq uğrunda ölümlə pəncələşib şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulların yarımçıq qalmış arzularına ağlayımmı? Yol boyu "Gəl boyuna qurban, ay Vətən oğlu" mahnısı müşayiət etmişdi bizi. Məhz burada da bu şəhid balaların adlarını tək-tək xatırlamaq istəmədim. Doğrudan da onların hamısı əslində sadəcə Vətən oğlu idilər. Ömrünü, həyatını, gəncliyini, arzularını əsl qeyrətli oğul kimi bu torpağa qurban verən Vətən oğlu.
    Dağları-daşları, meşələri-çəmənləri elə əvvəlki idi İsa bulağının. Amma elə bil bir balaca hüzünlü, səssiz görünürdü. Baxmayaraq ki, ətrafı əzəli və əbədi sakinləri ilə qələbəlik idi. Uzun illər əvvəl sinif yoldaşlarımla birgə dayandığım yerdə durub yenə də şəkil çəkdirdim. Payız nəfəsli ağacların yaşıl budaqları ilə həmsöhbət olmaq istədim. Amma deyəsən bu budaqlar məni tanımadılar. Onların yaddaşını oyatmağa qıymadım. Qoy elə hafizələrində yalnız igid şəhidlərimiz, qəhrəman döyüşçülərimiz qalsın.
    Güllələnmiş heykəllər. Şuşanın mərkəzinə doğru istiqamət götürdük. Küçələr boyu kimsəsiz evləri, aparılan tikinti işlərini seyr edir, irili-xırdalı tur dəstələri ilə qarşılaşırdıq. Güllələnmiş heykəllərin qarşısında ayaq saxladıq. Azərbaycanın dahi sənətkarları olan Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın güllə yaralı heykəlləri necə namərd düşmənlə mübarizə apardığımıza bir sübutdur. Axı öz vəhşiliyini cansız heykəllərin üzərində sübuta yetirməyə çalışan bir düşmənlə üz-üzə gəlmək bizdən başqa kimin qismətinə yazılıb ki?
    Bir qədər içərilərə addımlayarkən qədimyana olsa da, öz möhtəşəm və əzəmətli görünüşünü hələ də qoruyub saxlayan və böyük bir ərazini əhatə edən 2 mərtəbəli bəy mülklərini görmək olar. XVIII əsrin tikili abidələri olan bu mülklər biri-birinin qonşuluğunda yerləşir və hər birinin qarşısında vurulmuş dəmir lövhələrdə onların Əsəd bəyə, Uğurlu bəyə və digər bəylərə aid olduğu bildirilir.
    XIX əsrə aid olan "Səfərov qardaşlarının karvansarası" isə başqa küçədə yerləşir və nədənsə daha dağınıqdır.
    Bülbülün ev muzeyi. Hətta cansız heykəllərə qarşı da vandalizm nümayiş etdirməkdən çəkinməyən erməni vəhşiliyinin növbəti nümunəsi ilə Bülbülün ev muzeyində qarşılaşdıq. Muzeyin həyətindəki dahi sənətkarın heykəli dağıdılmışdı. Əlbəttə, daha yeni bir heykəl düzəldilsə də, haqlı olaraq onu dağıdılmış köhnə heykəl ilə yanaşı qoyaraq düşmənin təkcə canlı insanlara qarşı deyil, cansız incəsənət nümunələrinə də amansızlıqla yanaşmasını nümayiş etdirirlər. Muzeyin həyətinə daxil olduğumuz andan sanki dahi sənətkarın dünyasına qədəm qoymuş olduq. İşğal dövründə həyətdəki digər daha müasir görünüşlü evdə yaşayan erməni qadın muzeydən əl damı kimi istifadə edib, onu bərbad vəziyyətə salmışdı. İşğaldan sonra muzey təmir edilərək yenidən qurulub, eksponatlarla zənginləşdirilib. Muzeyin direktoru Ülviyyə Hüseynova dedi ki, muzeyin ziyarətçiləri gündən-günə çoxalır. Şuşaya səfər edən hər bir azərbaycanlı dahi sənətkar Bülbülün ev muzeyi ilə tanışlığı özünə borc bilir. Məhz ziyarətçilərin marağını nəzərə alıb eksponatların sayının artırılması, muzeyin daha maraqlı olması üçün əlimizdən gələni edirik, – deyir Ülviyyə xanım.
    Ülviyyə xanım Gəncə Dövlət Kukla Teatrının muzeyi ziyarət etdiyini və burada tamaşa göstərdiklərini də bildirdi. Qeyd etdi ki, belə proqramlar burada böyük maraqla qarşılanır və Azərbaycanımızın döyünən ürəyi Şuşaya, vokal sənətinin əvəzsiz ifaçısı Bülbülə olan hörmət və ehtiramın nümunəsi kimi qəbul edilir.
    Yuxarı Gövhər ağa məscidi. Növbəti dayanacağımız qoşa minarəsi ilə hələ uzaqdan diqqətimizi çəkən Yuxarı Gövhər ağa məscidi idi. Artıq günorta namazının vaxtı idi və namaz qılarkən minnətdarlıq nişanəsi olaraq göz yaşlarımı saxlaya bilmədim: – Şükürlər olsun sənə, Allahım, bizə bu günü yaşatdığın üçün.
    İşğal dövründə ermənilər İslam dünyasının müqəddəs ibadətgahı olan bu məscidi dəyərdən salmaq məqsədi ilə burada öz murdar heyvanlarını, müsəlmanlar üçün haram buyrulmuş donuzlarını saxlayıblar. Amma, ulu Şeyx Nizami demişkən;
    Qızılı udsa da qara torpaqlar,
    Yenə qiymətini özündə saxlar.
    Şuşa işğaldan azad edildikdən sonra ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəri siyahısında olan bu məsciddə də bərpa və konservasiya işləri aparılıb. Burada məlumat verdilər ki, layihə "Paşa Holdinq"in maliyyə dəstəyi ilə Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsersumu tərəfindən Avstriyanın Vertorn-Arxitektor şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal dövründə ermənilərin məscidə etdikləri müdaxilələr aradan qaldırılıb.
    Bərpa işləri məscidin həyətində yerləşən mədrəsə binasını da əhatə edib. Mədrəsə binasının bir hissəsində məscid minarəsinin ornamentlərini və otaqların təsvirlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr edilmiş sərgi nümayiş olunur. Şair, rəssam, filosof, pedaqoq, musiqişünas Mir Möhsün Nəvvabın müəllifi olduğu və Şuşada öz nəşriyyatında dərc etdirdiyi kitabları, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətini əks etdirən eksponatları, həmçinin 18-19-cu əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyasını da ziyarətçilər böyük maraqla seyr edirlər.
    M.P.Vaqifin məqbərəsi. Növbəti ziyarət məkanımızın ünvanı XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri M.P.Vaqifin məqbərə kompleksi idi. Bildiyimiz kimi, Cıdır düzünün yaxınlığında və şairin məzarı üstündə inşa edilən bu məqbərənin ilkin açılışı 1982-ci il yanvar ayının 14-də Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın əksər mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilib. Dördkünc quruluşa malik mərmərlə bəzədilmiş türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq Azərbaycanın qülləvari türbələrinin kompazisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə riayət olunmuşdu. 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfndən işğal edildikdən sonra şəhərdəki tarixi memarlıq abidələri, dövlət tərəfindən qorunan qədim yaşayış evləri dağıdılmış, yandırılmış, talan edilmiş, ən əsası isə erməniləşdirilməyə cəhd edilmişdi. Vaqifin məqbərəsi də bu qarətdən kənarda qalmamış və acınacaqlı bir vəziyyətə salınmışdı. Kompleksin binası və bütün eksponatlar məhv edilmişdi. Müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən şəhərin tarixi memarlıq abidələrinin bərpası istiqamətində aparılan işlər sırasında məqbərədə də təmir-bərpa işlərinə start verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan təmir-bərpa işləri nəticəsində qısa müddət ərzində məqbərə öz ilkin tarixi görkəminə qaytarılıb. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Hətta məqbərənin həyətində o dövrün şəkillərində görünən qızılgül kollarının əkilməsi də diqqətdən kənarda qalmayıb. 2021-ci il avqust ayının 29-30-da ölkə Prezidentinin növbəti Şuşa səfəri zamanı ölkənin Birinci xanımı Mehriban Əliyevanın, dövlət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə məqbərənin açılışı olub və burada illər əvvəlki ənənəvi Vaqif Poeziya günləri keçirilib.
    Bu isə o deməkdir ki, Şuşanın təkcə tarixi abidələri deyil, həm də tarixi ənənələri bərpa olunur.
    Cıdır düzü. İndi isə yolumuz əfsanəvi Cıdır düzünədir. Vaqifin məqbərəsinin bir neçə yüz metrliyində yerləşən Cıdır düzünə çatıb maşından düşər-düşməz nisbətən səngimiş həyəcanım yenidən oyandı. Səfər müddətində ilk dəfə olaraq həm də canımı bir qorxu aldı; görəsən ürəyim bu həyəcana tablayacaqdımı?! Asta addımlarla qayalığa tərəf gedir, həm də diqqətlə ayağımı basdığım yerlərə nəzarət edirdim. Çünki yaxşı bilirdim ki, bu yerlərin hər qarışına şəhid qanı çilənib, bu yerlərin hər qarışı uğrunda əlbəyaxa döyüşlər gedib və bu yerlərin hər qarışı üçün neçə-neçə Vətən oğlu canından ke-çib. Adda-budda görünən qan rəngli qurumuş qərənfillər şəhid ruhlarına ehtiramın əlaməti olaraq hüznlə torpağa yapışmışdalar. Sanki ruhları bu yerlərdə dolaşan Vətən oğullarının torpaq sevgisini nümayiş etdirirdilər.
    Qayalıqda dayanıb qarşıdakı Topxana meşəsini seyr edir, 1988-ci ildə məhz bu meşənin yandırılması ilə başlayan münaqişənin bu meşədə də tamamlandığını düşünüb qeyri-adi hisslər keçirirdim. Xəyalımda 29 il işğal altında qalan Şuşanın, Cıdır düzünün qəmli taleyini vərəqləyir, öz qanı, canı bahasına onu azadlığına qovuşduran Vətən oğullarının dəyərini verə bilmək üçün münasib söz tapa bilmirdim. Şanlı Azərbaycan Ordusunun Şuşaya giriş nöqtələrindən biri olan Cıdır düzünün uçurumlarından qalxmaq da, enmək də mümkünsüz görünür. Bu keçilməz qayalığı dəf etmək insandan xüsusi bacarıq, ciddi qabiliyyət, xüsusi hazırlıq tələb edir. Həqiqətən də Azərbaycan Ordusunun ağır artilleriyanın işləməsi mümkün olmadığı məhz bu ərazidən Şuşaya daxil olması dünyanın hərb tarixinə düşəcək fövqəladə bir qəhrəmanlıq dastanıdır.
    Sal qayanın üstündə dayanıb dərədə gözlə zorla seçilən Daşaltı çayını, Daşaltı dərəsini, Topxana meşəsini, Üçmıx ərazisini, Yastı kahanı, Gəlin qayasını seyr edir, göydə süzən qartalların şəhid ruhlarına yoldaş olduğuna heç bir şübhə etmirdim.
    Şuşaya orta məktəbdə oxuduğum dövrlərdə gəlmişdim və Cıdır düzünü ilk görəndə təmiz havası, füsunkar təbiəti, qeyri-adi gözəlliyi, qayalarının əzəməti, dərələrinin dərinliyi ilə heyrətləndirmişdi məni. Bu gün isə Vətən oğullarının bəlkə də tarixdə görünməmiş qeyri-adi qəhrəmanlığına heyrət etdim. Ürəyində təpər olmasa, istənilən döyüşdə məğlubiyyət qaçılmazdır. Adi insanın keçməsi mümkünsüz görünən bu qayaları çıxmaq üçün xüsusi bacarıqdan, cəsarət və qəhrəmanlıqdan ötə gücünə güc qatacaq xüsusiyyətlər də olmalıdır. Bir daha inandım ki, bayraq sevgisindən, vətən məhəbbətindən güc almadan, bu torpağı ölümünə sevmədən, müqəddəs amal uğruda uf demədən canından keçməyə hazır olmadan Böyük Zəfəri əldə etmək mümkün deyil.
    1992-ci may ayının 8-də Şuşa işğal olunan gün nədənsə ilk ağlıma gələn sinif yoldaşlarımla bu qayaların üstünə boya ilə yazdığımız adlarımız düşmüşdü. Ermənilər o adları oxuyub indi bizə gülürlər deyə o qədər ağlamışdım ki. "Şuşa işğaldan azad olunan gün qurban kəsəcəm" – deyə niyyət etmişdim. Sonralar tez-tez yuxularımda Şuşaya gedir, əlimə silah alıb keçilməz qayaların arasında ermənilərlə təkbaşına vuruşurdum. Qan-tər içində yuxudan ayılanda da: – Bu qayaları keçən ola bilərmi? – deyə məyus olurdum. Budur, bu keçilməz qayaları keçdilər və Şuşanı öz əzəli və əbədi sakinlərinə, bizlərə qaytardılar. "Ya qazi ol, ya şəhid" – məqsədi ilə bir yola çıxdılar və bu yolu həqiqətən bəziləri ölməzliyə qovuşan şəhid oğullar, bəziləri də qazi – qalib əsgər kimi başa vurdular.
    ***
    Bu gün Şuşanın marketlərində alış-verişlə məşğul olmaq, küçələri dolaşan və qarşısına "2" yazılmış şəhərarası avtovusun dayanacaqlarda sərnişin mindirib-düşürməsini seyr etmək, sanki aradan uzun bir zaman keçməyibmiş kimi insanların hər günkü iş-gücü ilə məşğul olduğunu görmək xoş olduğu qədər də, insana duyğulu anlar yaşadan möhtəşəm bir hissdir. Nə vaxtsa bu qədər xoşbəxt olduğumu heç xatırlamıram!
    Geri dönəndə heç Şuşadan ayrılmaq istəmirdim. Təəccüb edərəm ki, bu uzun illəri necə yaşamışdıq ondan ayrı. Şuşadan çıxanda elə bil bir parçamı orada qoyub gəldim. Arxamızca boylanan baxışları ilə sanki – yenə gəlin, gözləyəcəm, – deyirdi Şuşa.
    – Əlbəttə, gələcəyik. 30 illik həsrətin acısını bircə günlük görüşlə dəf etmək mümkün deyil axı. Yenə gələcəyik, Şuşa!

    Fərruxə UMAROVA,
    Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib21 dəfə
    yolumuz qarabaĞadir

    Maraqlı gələ bilər
    43
    5
    6